VƏKALƏT QURUMUNUN ƏLAQƏLƏNDİRMƏ FUNKSİYASI
Vəkalət qurumunun təşkilinin səbəbləri bəhsində deyildi ki, bu qurumun yaranmasının əsas amillərindən biri onun şiələrlə imam arasında əlaqə yaratması idi. Ucqar nöqtələrdə yaşayan və öz imamları ilə bircə dəfə də olmuş olsa görüşə bilməyən şiələr vəkillərə müraciət edərək öz dini ehtiyaclarını aradan qaldırırdılar. Onlar dini ödəncləri vəkillərə təqdim edir, şər’i sualları ilə onlara müraciət edirdilər. İmama ünvanlanmış məktublar məhz vəkillər vasitəsi ilə sahibinə çatdırılırdı. Əgər vəkalət qurumu olmasaydı, şübhəsiz ki, bir çox fəaliyyətlər həyata keçməmiş qalardı.
Kiçik qeyb dövrü ərəfəsində və həmin dövr ərzində vəkillərin mühüm vəzifələrindən biri şiələrin suallarının qısa şəkildə cavablandırılması və imamların hər hansı bir məsələ ilə bağlı hökmünün onlara çatdırılması idi. Bə’zən imam ona sual ünvanlanmamışdan qabaq hər hansı bir məsələ ilə bağlı öz göstərişlərini verirdi. Məsələn həzrət Mehdi birinci səfirin vəfatından sonra ikinci səfirin kimliyi haqqında göstəriş vermişdi. Başqa bir göstərişlə dördüncü səfirin fəaliyyətinin başa çatması və böyük qeyb dövrünün başlanması bəyan olunmuşdu.
Qayda belə idi ki, sual ünvanlandıqdan sonra ona iki-üç gün ərzində cavab verilməli idi. Amma bə’zən suallar daha qısa müddət ərzində cavablandırılırdı.
Vəkillərin bu istiqamətdəki fəaliyyətini şər’i sualların cavablandırılması, vəkillərə müxtəlif göstərişlərin ünvanlanması, şər’i ödənclərin qeydə alınması, vəkillərin tə’yinatının e’lan edilməsi, vəkalət qurumuna qarşı təhlükə ehtimalının açıqlanması, yalan iddiaların, bid’ətlərin e’lan edilməsi, vəkillərə qarşı ittihamlara cavab verilməsi, şəxsi məsələlərin həlli, ixtilafların aradan qaldırılması, şübhələrə aydınlıq gətirilməsi kimi işlər təşkil edirdi.
Dostları ilə paylaş: |