3.Səyyar nümayəndələr-Məntəqəyə e’zam olunmuş vəkillər, adətən, həmin məntəqədə qalsalar da, tarixi mə’lumatlara görə, onlar bə’zən başqa məntəqələrə də baş çəkməyə vəzifəli olmuşlar. Ərazi vəkillərinin işinə nəzarət etmiş, həm də onlarla imam arasında rabitəni tə’min etmişlər. Onların başqa bir vəzifəsi yerli vəkillərdən dini ödəncləri təhvil götürüb imama çatdırmaq olmuşdur. Əhməd ibn Məhəmməd ibn İsa Qummi ilə bağlı bir əhvalatı xatırlamaq yerinə düşər. Bu şəxs Mədinədə imam Cavadın (ə) yanında olarkən Zəkəriyya ibn Adəm haqqında soruşmaq istəyir. Həzrət özü sözə başlayıb buyurur: «Onun atama və mənə etdiyi xidmətləri inkar etmək olmaz. Amma onun ixtiyarına verilmiş ödənclər yerinə çatmalıdır». Əhməd ərz edir: «Zəkəriyya ibn Adəm həmin əmanəti sizə çatdıracaqdır və xahiş etdi sizə deyəm ki, yubanmasının səbəbi Məymun və Müsafir (Qumdakı iki vəkil) arasındakı ixtilafdır». Həzrət buyurdu: «Mənim məktubumu ona çatdır və de ki, ixtiyarına veriləni mənə çatdırsın . . .» Bu əhvalatdan mə’lum olur ki, vəkalət qurumu ilə ərazilərdəki vəkillər arasında əlaqə olmuşdur.
4.Təqiyyə-Vəkalət qurumunun mühüm xüsusiyyətlərindən biri onun təqiyyəyə əməl etməsi və gizli fəaliyyət göstərməsi olmuşdur. Şübhəsiz ki, Abbasilər hökumətinin gizli nəzarəti belə bir üsulu zəruri etmişdir. İmamların və şiələrin addım-addım izlənilməsi onları gizli fəaliyyət göstərməyə vadar edirdi. Belə bir üsul sayəsində vəkalət qurumu uzun bir ömür yaşaya bilmişdir. Ciddi təhlükələr yarandığı zaman qurum rəhbərinin oyaqlığı və üzvlərin fədakarlığı nəticəsində təşkilat qorunmuşdur. Qurum üzvlərindən bə’ziləri şəhadətə yetişsələr də, özək qorunmuş və əsas fəaliyyət xətti qırılmamışdır. Vəkillik səbəbindən həbs olunmuş Müəlla ibn Xünəys Abbasilər tərəfindən böyük işgəncələrə mə’ruz qalmışdır. Ondan imamın səhabələrinin adı soruşulduqda Xünəys demişdir: «Məni ölümlə qorxudursunuz. And olsun Allaha, əgər ayağımın altda olsalar, ayağımı qaldırmaram. İmam Sadiqin (ə) digər bir vəkili Nəsr ibn Qabus Ləxmi məxfi fəaliyyət göstərmişdir. Eləcə də, imam Kazimin (ə) Bağdaddakı vəkili Məhəmməd ibn Əbu-Əmir dözülməz işgəncələrə mə’ruz qalmasına baxmayaraq, həzrətin ardıcıllarının adını faş etməmişdir.
İmam Həsən Əsgəri (ə) öz baş vəkili Osman ibn Səid Əmriyə Davud ibn Əl-Əsvəd vasitəsi ilə göndərdiyi məktubu dairəvi bir çubuqda gizləmişdir. Hətta Davud da çubuqda məktub olduğunu bilməmişdir.
Kiçik qeyb dövründə abbasi vəziri Übeydüllah ibn Süleyman vəkillərin məxfi fəaliyyətlərindən xəbər tutduğu vaxt xəlifə ilə məsləhətləşmiş və vəkilləri müəyyənləşdirmək qərarına gəlmişdir. Xüms-zəkat vermək bəhanəsi ilə vəkilliyi ehtimal olunan adamların yanına casuslar göndərmişdir. Amma mərkəzin bir əmri ilə bütün vəkillər şər’i ödənc yığmağı dayandırmışlar. İmamın vəkillərindən olan Məhəmməd ibn Əhməd Qəttan hökumətin göndərdiyi casusa demişdir: «Səhv gəlmisən, mən belə işlərlə məşğul deyiləm». Mərkəzdən növbəti əmr gələnədək vəkillər belə bir mövqe tutmuşdular.
Həzrət Mehdinin (ə) üçüncü səfiri Hüseyn ibn Ruhun ciddi təqiyyəsi, imamın birinci və ikinci səfirləri olmuş Osman ibn Səid və onun oğlu Məhəmmədin yağsatan kimi tanınması vəkalət qurumunun gizli fəaliyyət göstərməsinə dəlil ola bilər. Kiçik qeyb dövründə səfirlər o qədər məxfi fəaliyyət göstərirdilər ki, vəkillər və digər nümayəndələrlə görüşmək üçün Bağdad xarabalıqlarında yer tə’yin olunurdu. Səduqun nəql etdiyinə görə, bir dəfə Məhəmməd ibn Osman ibn Səid Əmri köməkçilərindən biri ilə görüşüb, həzrət Mehdinin (ə) məktubunu ona vermək üçün Abbasiyeye-Bəğdad xarabalığını görüş yeri seçmişdi. Məktub oxunduqdan sonra məhv edilmiş, eləcə də, heç bir şər’i ödəncə görə qəbz yazılmamışdı. İkinci səfir şiələrdən toplanmış haqların yerinə çatdırılması üçün adi tacirlərdən istifadə edərdi.
Dostları ilə paylaş: |