İMAMIN ANASI
Həzrətin anası haqqında müxtəlif rəvayətlər nəql olunmuşdur. Məs’udinin bildirdiyinə görə, imamın anası Nərcis adlı bir kəniz olmuşdur. Şəhidin nəzərincə həmin xanım Zeyd Ələviyyənin Məryəm adlı qızı olmuşdur. Şeyx Tusi isə belə bildirir ki, İmamın anasının adı Reyhanə olmuşdur, amma onu Nərcis də adlandırmışlar. Şeyx Müfid isə bu xanımın adının Nərcis olduğunu zikr edir. İmam Həsən Əsgərinin bibisi də Nərcis adı üzərində dayanmışdır. Bə’zi alimlərin fikrincə, həmin xanımın adı həm Nərcis, həm də başqa adlar ola bilər. (Şeyx Tusinin ehtimal etdiyi Seyqəl adı istisna olunur.) Bu adların həmin xanımın imam Cavadın (ə) qızı Həkimə tərəfindən verilməsi ehtimal edilir. Həmin dövrün adamları kənizləri müxtəlif adlarla çağırardılar. Nərcis, Reyhanə, Süsəngül adlarıdır. Səduq nəql etdiyi rəvayətlə bu ehtimalı daha da gücləndirir. O, Ğiyasa istinad edərək bildirir ki, imam Həsən Əsgərinin canişini cümə günü dünyaya gəldi; Həzrətin anasının adı Reyhanə idi, amma onu Nərcis, Süsən, Seyqəl də çağırardılar. Hamiləlik dövründə nurlu olduğu üçün ona Seyqəl adını vermişdilər. Seyyid Məhəmməd Sədr də öz kitabında həzrətin anasının adları haqqında ətraflı təhlil aparır.
On ikinci imamın anasının milliyyəti haqqında da müxtəlif fikirlər var. Səduq bir rəvayətə əsasən onun Rum qeysərinin oğlu Yə’şunun qızı Məlikə olduğunu bildirir. Onu da qeyd edir ki, xanımın anası həzrət Məsihin həvarilərindən biri olan Şəm’unun nəslindəndir. Onun fikrincə, xanım əsir götürülmüş və imam Hadinin göndərildiyi adam Bağdad qul alverçilərindən alınmışdır.
Kuleyni deyir: «İmamın anası Sudanın şimal əyalətlərindən olan Nobədəndir».
No’mani və Səduq digər bir rəvayət nəql edirlər. Onların nəzərincə, imamın anası qara bir kəniz olmuşdur. Bə’zi alimlər şeyx Tusinin nəql etdiyi rəvayəti əsas götürürlər. Onun fikrincə həmin xanım imamın bacılarından birinin (Həkimə) evində böyümüşdür.
Ən əsası odur ki, bu xanım öz əzəməti ilə əsrin imamının anası olmaq ləyaqətini qazanmışdır. İmam Həsən Əsgərinin bibisi Həkimə onu yüksək qiymətləndirərək, özünü bu xanıma xidmətçi bilmişdir. Həzrət Peyğəmbər (s), Əmirəl-mö’minin (ə) bu xanımı öz ailələrinin ləyaqətli xanımlarından saymışlar.
On ikinci imamın doğumu haqqında imam Həsən Əsgərinin bibisi Həkimənin verdiyi mə’lumatlar daha dəqiqdir. Həkimə xanımın nəql etdiyi rəvayət hicri 345-ci ildə dünyasını dəyişmiş Məs’udi tərəfindən e’tibarlı sayılmışdır. Şeyx Səduq imam Cavadın qızı Həkimənin dilindən belə nəql edir:
«Əbu Məhəmməd Həsən ibn Əli adam göndərib məni öz yanına çağırdı və dedi: «Ey bibi, bu axşam bizimlə iftar et. Çünki şə’banın on beşidir və bu gecə Allah-təala öz höccətini yer üzündə zahir edəcəkdir». Ondan soruşdum: «Anası kimdir?» Buyurdu: «Nərcis». Soruşdum: «Canım sənə fəda olsun! Axı mən onda hamiləlik əlaməti görməmişəm». Buyurdu: «Nə dedimsə, o da olacaq». Otağa daxil olub salam verdim. Nərcis yaxınlaşıb ayaqqabılarımı ayağımdan çıxardı və mənə dedi: «Mənim xanımım, necəsiniz?» Ona dedim: «Sən mənim və mənim ailəmin xanımısan». Amma o bu sözlərə e’tiraz etdi. Dedim: «Qızım! Bu gecə Allah-təala sənə elə bir oğul əta edəcək ki, dünya və axirətin mövlası, ağası olacaq». Utandığından çöhrəsinə qızartı çökdü. Məğrib namazını qıldıqdan sonra iftar etdim və yatdım. Gecə yarı yuxudan durdum ki, işa namazını qılım. Mən namaz qılanda Nərcis yatmışdı. Onda heç bir hamiləlik əlaməti görünmürdü. Sonra oturub nafilə namazı qıldım. Yatağıma uzandım, amma çox keçməmiş yenidən qalxdım. Nərcis hələ də yuxuda idi. Nəhayət, ayağa qalxdı, nafilə namazı qılıb yenidən yerinə uzandı.
Həkimə sözlərinə belə davam edir: «Otaqdan bayıra çıxdım, fəcr tülusunu (günün ağartısını) görüm. O hələ də yatdığından imam Həsən Əsgərinin (ə) intizarı məni şübhəyə saldı. Elə həmin anda imamın səsi eşidildi: «Ey bibi! Tələs vaxt çatmışdır». Mən oturub Qur’anın «Səcdə»2 və «Yasin» surələrini oxudum. Bu vaxt Nərcis yerindən qalxdı. Mən ona yaxınlaşıb dedim: «Allahın salamı olsun sənə, bir şey hiss edirsənmi?» O cavab verdi: «Ey bibi, bəli». Sonra ona dedim: «Özünü ələ al və aram ol». Bu vaxt yuxu mənə qalib gəldi və mürgülədim. Bir az sonra intizarında olduğumuz mövlamın səsi məni yuxudan oyatdı. Örtüyü üstündən qaldırdıqda onu səcdə vəziyyətində gördüm. Onu qucağıma aldım, körpə pak və təmiz idi».
Əbu Məhəmməd məni səslədi və dedi: «Ey bibi! Oğlumu mənim yanıma gətir». Onun əmrinə itaət etdim. İmam Həsən Əsgəri (ə) dilini körpənin ağzına qoyub astaca əllərini onun gözlərinə, qulaqlarına və dizlərinə çəkdi. Sonra dedi: «Ey oğlum, danış». Uşaq dil açıb danışdı və imamın cavabında dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa mə’bud yoxdur. O birdir, şəriksiz və oxşarsızdır. Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın rəsuludur». Sonra Əmirəl-mö’mininə (ə) və imamlara ardıcıllıqla salam verdi, atasının adına çatdıqda dayandı.
Əbu Məhəmməd dedi: «Ey bibi, onu anasının yanına apar ki, ona salam desin, sonra isə yanıma qaytar». İmamın dediyi kimi etdim və körpəni yenidən qaytarıb əvvəlki yerinə qoydum. İmam Həsən Əsgəri (ə) mənə buyurdu: «Ey bibi! Yeddi gün onun görüşünə gəl». Növbəti gün Əbu Məhəmmədə salam vermək üçün gəldim. Pərdəni qaldırdıqda mövlamı yerində görmədim. İmamdan soruşdum: «Canım sənə fəda olsun! Mövlam haradadır?» Həzrət buyurdu: «Bibi, onu Musanın anası öz övladını tapşırdığı kəsə tapşırdım».
Həkimə deyir: «Yeddinci gün gəldim, imama salam verib oturdum. Əbu Məhəmməd buyurdu: «Oğlumu mənim yanıma gətir». Körpəni bələyib imamın yanına gətirdim. İmam doğum günü etdiyi hərəkətləri təkrarladı və körpə həmin gün dediklərini yenidən dedi. Sonra isə bu ayəni oxudu: «Bismillahir-Rəhmanir-Rəhim. Biz yer üzünün müstəz’əflərinə (zəif düşmüşlərinə) minnət qoyub, onları xalqa rəhbər və yer üzünün varisləri etmək, yer üzündə onlara qüdrət vermək, Fir’ona, Hamana və onların qoşunlarına qorxduqları şeyi göstərmək istədik».3.
Dostları ilə paylaş: |