Yetmiş illik bu dövrdə ictimai vəziyyət ötən dövrdəki ictimai vəziyyətdən fərqlənirdi. Əvvəlki dövrdə göstərilmiş fəaliyyətlər sonrakı dövrdə də eynən təkrarlanırdı. Əgər kiçik qeyb dövründən əvvəl xalq ağır iqtisadi üzüntülər içində yaşayırdısa, sonrakı dövrdə də eyni vəziyyət davam edirdi. İndi isə həmin dövrün ağır ictimai vəziyyətindən danışan bə’zi hadisələri xatırlayacağıq.
MƏZHƏBLƏR VƏ FİRQƏLƏR ARASINDA İXTİLAFLAR
Kiçik qeyb dövründə İslam cəmiyyətində əvvəlki dövrdə olduğu kimi firqələr və məzhəblər arasında çəkişmələr mövcud idi. Bu ixtilaflar təkcə şiə və sünni arasındakı ixtilaflarla məhdudlaşmırdı. Sünnilərin öz arasında da ciddi təfriqələr vardı.
Hicri 310-cu ildə tanınmış sünni təfsirçisi və yazıçısı Məhəmməd ibn Cərir Təbəri dünyasını dəyişdi. Onu Bağdadda dəfn etmək istəsələr də, Təbəri ilə qarşıdurmada olan Hənbəlilər buna icazə vermədilər. Hicri 318-ci ildə Hənbəlilər Bağdadda çaxnaşma saldılar və bu çaxnaşmanın məzhəbi əsasları vardı. Çaxnaşmanın əsas səbəbi hənbəlilərin bir cür başa düşdüyü Qur’an ayəsinin digər sünni əhli tərəfindən başqa cür qəbul edilməsi idi. Belə bir təfsir ixtilafına görə çaxnaşma düşdü və xeyli insan qırıldı.