CƏ’FƏRİN HƏRƏKƏTLƏRİ
İmam Həsən Əsgərinin (ə) qardaşı Cə’fər öz atası və qardaşının əqidəsinə zidd hərəkət etdi. İmam Hadidən (ə) oğlu Cə’fər haqqında rəvayət olunmuşdur ki, həzrət bə’zi səhabələrinə buyurmuşdur: «Oğlum Cə’fərdən uzaq olun. Çünki o mənim üçün Nuhun oğlu kimidir». Cə’fər qardaşı imam Həsən Əsgərinin (ə) vəfatından sonra şə’ninə layiq olmayan işlər gördü. O, qardaşının cənazəsinə onun oğlu imam Mehdi (ə) namaz qılmalı olduğu halda bu namazı özü qılmaq istədi. Cə’fər abbasi vəziri Übeydullah ibn Yəhya ibn Xaqana dedi: «Qardaşımın məqamını mənə verin. Mən ildə buna görə sizə iyirmi min dinar verərəm». Vəzir Cə’fərə dedi: «Ey axmaq! Sultan sənin atanı və qardaşını imam hesab edənlər üçün qılıncını hazırlamışdı. Bununla belə onları öz əqidəsindən döndərə bilmədi. Əgər şiələrin yanında atanın və qardaşının məqamına malik olsan, sultanın təsdiqinə ehtiyac yoxdur. Yox əgər belə bir məqamın yoxdursa, sultan o məqamı sənə verə bilməz.
Sonra vəzir Cə’fəri təhqir etdi və bir daha onu yanına buraxmadı. Vəzirdən ümidini üzmüş Cə’fər sultanın yanına getdi. Amma xəlifədən də eyni cavabı eşitdi. Bu səbəbdən də imam Kazimin oğlu Cə’fər tarixdə «Cə’fəre-kəzzab», yə’ni yalançı Cə’fər kimi tanınmışdı.
Cə’fərin digər ləyaqətsiz işi imam Həsən Əsgərinin mülkünə sahib olmaq istəməsi idi. O deyirdi ki, qardaşımın övladı yoxdur və onun yeganə varisi mənəm. Abbasilər Cə’fərə qardaşının mülkünə sahib olmaq icazəsi verdilər.
Dostları ilə paylaş: |