HÜSEYN İBN RUH NÖVBƏXTİ (ƏBÜL-QASİM)
İmam Mehdinin (ə) üçüncü səfiri böyük Şeyx Hüseyn ibn Ruh Növbəxti olmuşdur. O, Məhəmməd ibn Osman Əmrinin həyatı dövründə müqəddəs nahiyə tərəfindən Məhəmmədin canişini tə’yin edilmişdir. Məhəmməd ibn Osman ömrünün son illərində növbəti səfirin qəbulu üçün şiələri hazırlamışdır.
Hüseyn ibn Ruh Növbəxti Məhəmməd ibn Osman dünyasını dəyişdikdən sonra, hicri 305-ci ildə naiblik vəzifəsini öhdəsinə götürmüşdür. Bu səfirin də anadan olduğu tarix əvvəlki iki səfirin anadan olduğu tarix kimi mə’lum deyil. Amma bə’ziləri qeyd etmişlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) səhabələrindən olmuşdur.
Əgər bu söz doğru olsa, onun hicri III əsrin birinci yarısında dünyaya gəldiyini qəbul etmək olar. Belə ki, o həzrətin səfirliyini qəbul etdiyi vaxt altmışdan çox yaşı olmuşdur. Bə’ziləri isə belə qeyd edirlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) dövrü arasında əlli il hüdudunda fasilə olduğundan onun on birinci imamın səhabəsi olması inandırıcı deyil.
Bu şəxs ikinci səfirin dövründə onun işçilərindən olmuş və son illərdə Məhəmməd ibn Osman tərəfindən baş vəkil tə’yin edilmişdir.
Hüseyn ibn Ruhun Bağdad şiələri arasında xüsusi bir ictimai mövqeyi vardı. Hətta ölkə başçılarının da bu şəxsə münasibəti müsbət idi.
Məhəmməd ibn Osman Əmrinin qızı Ümmü-Gülsüm deyir: «Hüseyn ibn Ruh uzun illər boyu Məhəmməd ibn Osmanın vəkili və əmlakına nəzarətçi oldu. O, Məhəmməd ibn Osmanın tapşırıqlarını şiə başçılarına çatdırırdı. Məhəmməd ibn Osman onu o qədər yaxın sayırdı ki, öz sirləri barədə onunla söhbət edirdi. Atam ayda ona otuz dinar maaş verirdi. Bundan əlavə ali-Fərat kimi şiə rəisləri ona e’timad göstərərək yardım edirdilər. Hüseyn ibn Ruhun şiələrin qəlbində xüsusi yeri var idi. Çünki onlar bu şəxsin atamın yaxınlarından olduğunu və e’tibarlı sayıldığını bilirdilər. Onun qarşıdakı məs’uliyyəti atamın dövründə müəyyənləşmişdi. Atam həzrət Mehdi (ə) tərəfindən göstəriş almışdı ki, onu öz canişini seçsin. Atamı tanıyanlar arasında onun naibliyinə şübhə edənlər yox idi. Mən onun vəkilliyinə şübhə edən bir şiə tanımıram».
Şeyx Səduq Məhəmməd ibn Əli Əsvəddən rəvayət edərək deyir: «İxtiyarında olan vəqf malları Məhəmməd ibn Osmanın yanına aparırdım və o da məndən qəbul edirdi. Ömrünün son günlərində apardığım malları onun göstərişi ilə Hüseyn ibn Ruha təhvil verdim və qəbz istədim. Hüseyn ibn Ruh istəyimi Məhəmməd ibn Osmana çatdırdı. Məhəmməd ibn Osman mənə tapşırdı ki, ondan qəbz istəməyim və sonra buyurdu: «Hüseyn ibn Ruha çatan şey mənim əlimə çatmış kimidir». Həmin vaxtdan başlayaraq ixtiyarıma verilən malları onun yanına aparır və qəbz tələb etmirdim».
Əslində Məhəmməd ibn Osman ibn Səid Əmri bu səfirlik işi ilə Hüseyn ibn Ruhun gələcək məqamını vəkillərə və xalqa bəyan edirdi. Çünki vəkillər təhvil aldıqları mala qəbz verir, səfirlər isə qəbz yazmırdılar.
Hüseyn ibn Ruh Məhəmməd ibn Osmanla həmkarlıq etdiyi dövrdə üstün mövqe qazandığı üçün ehtiyaclı şiələrə yardım göstərirdi. Şeyx Səduq yazır: «Ələvilərdən biri öz maddi ehtiyacını vəzirə bildirmiş, amma ondan müsbət cavab almamışdı. Bunu eşidən Hüseyn ibn Ruh vəzirə xəbər göndərdi və ələvinin çətinliyi həll oldu.
Cə’fər ibn Məhəmməd ibn Mütəyyil deyir: «Məhəmməd ibn Osman Əmri ölüm yatağında olarkən orada idim. Həmin məqamda o dedi: «Məndən sonra Hüseyn ibn Ruh imam Mehdinin (ə) nümayəndəsi mənsəbinə tə’yin olur». İmam Mehdinin (ə) göstərişi ilə Məhəmməd ibn Osman Hüseyn ibn Ruhun səfirliyi üçün hazırlıq gördüyündən o, şiələr, xüsusi ilə də, vəkillər və vəkalət qurumunun işçiləri tərəfindən çətinliklə qarşılaşmadı. Onun yeganə problemi haqqında Şeyx Tusi yazır: «Əbu-Əbdüllah Həsən Vəcəna Bağdadın on vəkilindən biri kimi Nəsibin və Mosulda fəaliyyət göstərirdi. O, hicri 307-ci ildə Məhəmməd ibn Fəzl Mosuli adlı biri ilə görüşdü və onun Hüseyn ibn Ruhun səfirliyini qəbul etmədiyini başa düşdü. Həsən Vəcəna onu Hüseyn ibn Ruhun səfirliyinə inandırmaq üçün çalışsa da, Məhəmməd ibn Fəzl Mosuli bu həqiqəti qəbul etmədi. O, əvvəlki iki səfirdə gördüyü kəramətləri Hüseyn ibn Ruhda da görmək istəyirdi.
Həsən Vəcəna onu Bağdada gətirdi və o öz gözləri ilə Hüseyn ibn Ruhun kəramətini müşahidə etdi. Dərhal öz əməlindən peşiman olub Hüseyn ibn Ruhun səfirliyini qəbul etdi.
Hüseyn ibn Ruh Məhəmməd ibn Osman vəfat etdikdən sonra rəsmi səfirlik fəaliyyətinə başladı və vəkalət qurumunun işlərini əlinə aldı. İşin başlanğıcında Məhəmməd ibn Osman Əmrinin xadimi onun yanına gəlib Əbu-Cə’fərin əsasını, sandıqçasının açarını ona çatdırdı və dedi: «Əbu-Cə’fər mənə buyurdu: «Mən torpağa tapşırıldıqdan sonra bu əşyaları Hüseyn ibn Ruha, mənim canişinimə təhvil ver; imamların möhürləri bu sandıqçadadır».
Dostları ilə paylaş: |