KİÇİK QEYB («ĞEYBƏTE-SUĞRA»)
Hicri 260-cı ildə imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra qısa müddətli qeyb dövrü başlandı və imamın bu qeybi hicri 329-cu ilə qədər davam etdi. Demək, kiçik qeyb dövrü yetmiş il çəkmişdir. Bu dövr nisbətən qısa zamanı əhatə etdiyindən ona kiçik qeyb dövrü demişlər. Böyük qeyb dövrünə şiələrin hazırlığında kiçik qeyb dövrü mühüm rol oynamışdır.
Kiçik qeyb dövründə imam insanların nəzərlərindən qeybdə olsa da, imamla təmasda olanlar var idi. Həmin bu dövrdə imamın xüsusi naibləri onunla əlaqə saxlayırdılar. Hər bir şiə müsəlman həmin naiblər vasitəsi ilə imama müraciət edib, öz müşkülünü həll edə bilirdi. Bə’zən bu naiblər vasitəsi ilə insanlar qrup şəklində imamla görüşə gəlmişlər. İmamın xüsusi naibləri dörd nəfər olmuşdur və onları «nəvvabe-ərbəə» adlandırmışlar. Böyük şiə alimlərindən ibarət olan bu insanlarla tanış olaq:
1. Əbu Əmr (Osman ibn Səid Əmri) hicri 260-267-ci illərdə, naiblik vəzifəsini yerinə yetirmişdir; 2. Əbu Cə’fər (Məhəmməd ibn Osman Əmri) hicri 267-305-ci illərdə imamın səfiri olmuşdur; 3. Əbül-Qasim (Hüseyn ibn Ruh Növbəxti) hicri 305-326-cı illərdə naiblik vəzifəsini icra etmişdir; 4. Əbül-Həsən (Əli ibn Məhəmməd Səmmuri) hicri 326-329-cu illərdə imamın naibi olmuşdur.
Bu dörd şəxsin həyat və fəaliyyətləri ilə kitabın altıncı fəslində tanış olacaqsınız. Onlar öz məxfi vəkillik qurumları vasitəsi ilə şiələri böyük qeyb dövrünə hazırlamışlar.
Dostları ilə paylaş: |