Dörd naibin, xüsusi ilə də son səfir Əli ibn Məhəmməd Səmərinin son mühüm vəzifəsi şiələrin böyük qeyb dövrünə hazırlanması olmuşdur.
Yuxarıda sadalanmış vəzifələr arasında ikisi xüsusi yönümə malikdir. Bunlardan biri imam Mehdinin (ə) varlığı haqqındakı şübhənin aradan qaldırılması, imam Həsən Əsgərinin (ə) hazırda imam olan övladının dünyaya gəlişinin sübuta yetirilməsidir. Bu vəzifə daha çox Osman ibn Sə’d Əmrinin öhdəsinə düşmüşdür.
Xüsusi yönümə malik iki vəzifədən o biri xalqın böyük qeyb dövrünün qəbuluna hazırlanmasıdır. Bu vəzifə isə daha çox son səfir Əli ibn Məhəmməd Səmərinin öhdəsinə düşmüşdür. Bu sahədə imam Mehdi (ə) kəramət və mö’cüzə yolu ilə Əli ibn Səməriyə kömək göstərmiş və altı gün öncədən onun ölümü haqqında mə’lumat vermişdir. Bu dəqiq mə’lumat höccəti tamamlamış və şiələrin böyük qeyb dövrünü qəbul etməsində mühüm rol oynamışdır.
Seyyid Məhəmməd Sədr bu barədə yazır: Səfirliyin iki əsas məqsədi var:
Düşüncələri imam Mehdinin (ə) böyük qeyb dövrünə hazırlamaq və imamın görünməməsi ilə bağlı narahatlıqları addım-addım aradan qaldırmaqdır. Çünki belə bir şəraitə hazır olmayan xalq imam Mehdini (ə) qəti şəkildə inkar edə bilərdi. Bu məqsədlə imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) imamın qeyb məsələsini necə tədricən aşkarlamasını görürük. İmam Həsən Əsgəri (ə) şəxsən özünü xalqdan çox gizləyirdi. Səfirlik dövrü də düşüncələri böyük qeyb dövrünə tədricən hazırlamaq məqsədi daşımışdır.
İmamın səhnədən kənarlaşıb pünhan olması ictimai səhnədə durğunluqla müşayiət edilir. Bütün hallarda ictimai rəhbərin kənarlaşması həmin cəmiyyətdə problemlərin həllini təhlükə altında qoyur. Səfirliyin tə’yin olunmasında məqsəd imamın xalqa səfirlər vasitəsi ilə rəhbərlik etməsidir.
Bütün səfirlər bu sahədə öz vəzifələrini yerinə yetirmişlər. Onlar imkan daxilində ictimai səhnədə iştirakı tə’min etmiş, zalım hakimiyyətin təzyiqləri altında səfirlik məs’uliyyətlərini yetərincə icra etmişlər.
Dostları ilə paylaş: |