Vəkillik şiələr arasında uca bir məqam idi. Şiələr mə’sum imamın vəkili, nümayəndəsi kimi tanıdıqları şəxsə böyük ehtiram göstərir, bütün məsələlərdə ona müraciət edirdilər. Bu şəxs böyük ictimai məqama malik olurdu. Vəkillərin mühüm fəaliyyətlərindən biri xüms-zəkat kimi şər’i ödənclərin qəbulu olduğundan onlar imamın və şiələrin e’tibarı ilə böyük məbləğlərə nəzarət edirdilər. Bu səbəbdən də bə’ziləri heç bir əsas olmadan özünü imamın vəkili kimi təqdim edirdi. Qeyd olunduğu kimi, belə yalan iddiaları doğuran dünyapərəstlik, bə’zən də əqidə çaşqınlığı olurdu. Bu sayaq cərəyanları müşahidə edərkən görürük ki, kiçik qeyb dövründə uyğun sahədəki fırıldaqçılıq zirvə həddinə çatıbmış. Belələri imamın qeybdə olmasını özləri üçün fürsət sayırdılar. Uyğun məsələ ilə bağlı qeyb dövrünü nəzərdən keçirməzdən qabaq yalançı vəkillər haqqında bə’zi cərəyanlar haqqında danışacağıq.