Bu şəxs imam Cavadın (ə) dövründə yalandan vəkillik iddiası etmiş, imamın nümayəndəsi olduğunu bildirmişdi. Bu işdən xəbər tutan imam onu ifşa edərək, şiələrin ona müraciət etməsinə qadağa qoymuşdur. İmam həmin şəxs haqqında verilmiş sualı belə cavablandırmışdır: «O şəxs iddia etdiyi məqamda deyil, ona heç nə verməyin».
ƏLİ İBN HƏSİKƏ, QASİM Şİ’RANİ, MƏHƏMMƏD İBN FƏRAT
Bu üç şəxs imam Hadinin (ə) dövründə yanlış əqidəyə malik olmuş, hətta peyğəmbərlik iddiası etmişlər. Əli ibn Həsikə Qasim Şi’raninin ustadı olmuş, öhdəsindən şər’i vəzifələrin götürüldüyünü iddia etmişdir. Bu cərəyan o qədər təhlükəli şəkil almışdı ki, imam Hadi (ə) onun və onun həmfikirləri haqqında bir məktubda çox sərt göstəriş vermişdir. Şiələrə müraciətlə yazılmış məktubda belə deyilir: «İbn Həsikə, ona Allahın lə’nəti olsun, yalan deyir. Mən onu yalnız bir bəndə kimi tanıyaram. And olsun Allaha ki, bütün peyğəmbərlər təkallahlığa, namaza, zəkata, oruca, həccə, vilayətə də’vət etmişlər. Məhəmməd yalnız bir Allaha itaətə çağırmışdı. Biz də onun canişinləri, övladlarıyıq. Bu şəxsin dediyi sözlərdən Allaha pənah aparıram. Onları, Allahın lə’nəti olmuş bu şəxsləri özünüzdən uzaqlaşdırın. Xəlvəti bir məkan olduqda, əliniz onlara çatsa başlarını əzin».