BÖYÜK QEYB DÖVRÜNDƏ ELMİ HÖVZƏLƏR VƏ ŞİƏ FƏQİHLİK MƏRKƏZLƏRİ
Böyük qeyb dövrünün başlanğıcında Bağdad fiqh və fəqihlik mərkəzi idi. Şeyx Tusinin Nəcəfe-Əşrəfə mühacirəti ilə hicri 448-ci ildə bu şəhər bir əsrə qədər ən böyük fiqh mərkəzi oldu. Nəcəflə yanaşı Hələb şəhəri də Şeyx Mürtəzanın şagirdi Səllar tərəfindən mərkəzə çevrilmişdi. Bu mərkəz əsrin ortalarınadək fəaliyyət göstərdi. Bu hövzənin məşhur böyüklərindən biri «Əl-Ğəniyyə» kitabının müəllifi Seyyid Əbül-Məkarim ibn Zöhrə olmuşdur.
Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər.
Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü. Əllamə Hillinin oğlu Fəxrul-Mühəqqiqinin şagirdi Şəhide-Əvvəl, sonra isə Şəhide-Sani bu mərkəzin məşhur fəqihləri olmuşlar. Onlar Şeyx Müfidin fiqh məktəbini Cəbəle-Amilə gətirdilər və güclü bir hövzə yaradıldı.
Şiə fiqhinin Şəhide-Əvvəl, sonra Şəhide-Sani və onların şagirdləri tərəfindən nizamlanması şiə aləmində yeni bir hərəkat vücuda gətirdi. Şiə dövlətinin rəhbəri üçün «Lümə» mətnini yazıb göndərən Şəhide-Əvvəl bu siyasi baxışına görə şəhadətə yetirildi.
Şəhid Mütəhhəri Cəbəle-amil fəqihlərinin, Səfəvilər dövlətinin və İran elmi hövzələrinin xəttindəki rolu barədə yazır: «Cəbəle-Amil fəqihləri səfəvilər xəttində mühüm rol oynamışdır. Bildiyimiz kimi, səfəvilər dərviş idilər. Əgər səfəvilərin ilk öncə tutduğu dərvişlik xətti Cəbəle-Amil fəqihləri tərəfindən dəyişdirilməsəydi, onların işinin sonu Türkiyə və ya Şamdakı ələvilərin mövqeyinə gedib çıxardı. Uyğun tə’sirdən əvvəla, İran dövlət və millətinin gedişi büdrəmələrdən amanda qaldı. İkinci, şiə təsəvvüfü orta bir yol tutdu. Ona görə də Mühəqqiq Kərzki, Şeyx Bəhayi kimi Cəbəle-Amil fəqihlərinin İsfəhan fiqhi hövzəsinin tə’sisində böyük haqqı vardır. Həmin vaxt Müqəddəs Ərdəbili və başqa alimlər vasitəsi ilə canlandırılmış Nəcəf hövzəsi bu gün də işini davam etdirir. İran şəhərlərindən yalnız Qum şəhəri Bağdad fəqihlik mərkəzi olduğu zaman fiqhi mərkəz şəklinə gətirildi. Bu mərkəz Qacar dövründə Mirza Əbül-Qasim Qummi tərəfindən canlandırıldı. Bu mərkəzin növbəti dəfə həyat əldə etməsi Hacı Şeyx Əbdül-Kərim Hairi Yəzdinin xidmətləridir. Qum hazırda iki böyük şiə mərkəzindən biridir».
Nəcəf elmi mərkəzinin daimi olaraq hücumlara mə’ruz qalması, hövzə rəhbərlərinin şəhadətə yetirilməsi səbəbindən digər alimlər və tələbələr İrana hicrət etdilər. Növbəti dəfə şiə fəqihlik mərkəzi Qum oldu. Nəcəf hövzəsində böyük alimlər olmasına baxmayaraq, hazırda hərəkat və təravət Qumdadır.
Şəhid Mütəhhəri buyurur: «Tarix, xüsusi ilə səfəvilərdən sonra İranın Həmədan, Şiraz, Yəzd, Kaşan, Təbriz, Zəncan, Qəzvin, Tus kimi şəhərlərində elmi mərkəzlər tə’sis olundu. Qum, İsfəhan və kiçik bir müddət Kaşan istisna olmaqla İran şəhərlərindən heç biri fiqh mərkəzinə çevrilmədi.»
Səfəvilər dövründən sonra Nəcəf hövzəsində yeni bir ruhiyyə yarandı və Kərbəla bir müddət şiə mərkəzi oldu. Sonradan şiə mərkəzi yenidən Nəcəfə köçürüldü. İran İslam inqilabında da ilk sözü Nəcəf elmi mərkəzində tərbiyə almış fəqihlər söylədi.
Dostları ilə paylaş: |