VƏZİRLƏRİN VƏ ƏMİRLƏRİN ZÜLMÜ
Əksər abbasi vəzirləri və əmirləri zalım adamlardı. Onlar xalqı təhqir edir, var-yoxunu əlindən alır, bütün haqlarını tapdayırdılar. Onlar öz azğınlıqlarında kimsədən çəkinmirdilər. Həmin dövrdə baş vermiş haqsızlıqlar dillər əzbəri idi. Müxtəlif xəlifələrin və onların vəzirlərinin zülmü yerə-göyə sığmırdı.
Abbasi Müntəsirin dövründə onun vəziri Əhməd ibn Əlxəsib süvari halda yol ilə gedərkən bir kişi ona yaxınlaşıb şikayət edir. Vəzir atdan düşmədən ayağı ilə həmin adamın sinəsinə bir təpik vurur. Kişi yerindəcə keçinir. Həmin dövrün şairlərindən biri bu hadisəni qələmə da almışdır:
Xilafət kürsüsündə oturana söyləyin:
Vəziri harınlayıb təpik atır millətə.
Qoy ayağın bağlayıb, canımızı qurtarsın,
Xalqın malı-puluyla çatmışdır o sərvətə.
Xəlifə Vasiqin dövründə də onun vəziri Məhəmməd ibn Əbdül Məlik Əzzəyat xalqa işgəncə vermək üçün təndir düzəltmiş və onun içində mıxlar qurmuşdu. Maraqlıdır ki, bu şəxs nəhayətdə özü həmin təndirdə canını əldən verdi.
Xilafətin başqa mə’murları da vəzirlərdən az zülm etmirdi. Bu zülmlər səbəbindən ayrı-ayrı məntəqələrdə tez-tez qiyamlar qalxırdı. Bu barədə azca sonra danışacağıq. Söhbətimizin davamında həmin dövrün ictimai vəziyyətini araşdıracaq, cəmiyyəti bürümüş rüşvətxorluq, satqınlıq, mə’mur özbaşınalığı haqqında söhbət edəcəyik.
Dostları ilə paylaş: |