FƏTHLƏRİN MƏQSƏDLƏRİNİN DƏYİŞMƏSİ
Şübhəsiz ki, İslam fəthlərinin əsas məqsədi insanların zülm-sitəmdən xilas edilməsi və ilahi nizam altında yaşaması olmalı idi. İslam qanunlarına əsasən hər hansı bir məntəqəyə qədəm qoymuş İslam qoşunu əvvəlcə xalqı İslama də’vət etməli, onların doğru yola gəlməsinə çalışmalıdırlar. İslamda cihadın xüsusi şəraiti vardır. Təəssüf ki, haqqında danışdığımız dövrdə fəthlərdə uyğun məqsədlərdən əsər-əlamət görünmür.
İbn Əsir deyir: «Abbas ibn Fəcr ibn Yə’qub hicri 237-ci ildə İbn-Sur qalasına hücum etdi, oradakı əhalini əsir götürərək, var-dövlətini qarət etdi. Xeyli insan qılıncdan keçirildikdən sonra Abbas Qəsryannə şəhərinə üz tutdu, bu şəhəri də qarət edib yandırdı.
O hicri 237-ci ildə Qəsryannəni növbəti dəfə qarət etdikdən sonra Qətaniyyə, Sərqusə, Növtəs, Rəxus şəhərlərinə qoşun çəkdi. Xeyli qənimət ələ keçirdikdən sonra şəhərləri yandırdı. Bu şəxs hicri 243-cü ildə yenidən Qəsryannə şəhərinə hücum etdi. Özünü müdafiə etmək istəyən xalq qılıncdan keçirildi və Abbas növbəti dəfə Sərqusə şəhərinə üz tutdu. Bu şəhərdə də eyni cür rəftar etdikdən sonra Qəsrul-Hədid məntəqəsinə hücum edildi. Həmin qəsrdə yaşayan rumlular ona on beş min dinar verib sülh bağlamaq istəsələr də, Abbas onların təklifi ilə razılaşmayıb onları təslim olmağa vadar etdi. O şəhər əhlindən yalnız iki yüz nəfərini azad edib, qalanlarını əsir götürdü və qəsri viran qoydu».
Gördüyümüz kimi, uyğun dövrdə xəlifələr və onların nümayəndələri tərəfindən həyata keçirilmiş fəthlərdə İslam prinsipləri köklü şəkildə pozulmuşdur. Nə döyüşdən əvvəl, nə də döyüşdən sonra hücuma mə’ruz qalmış xalqlar İslama də’vət olunmamış, İslam qanunlarının ziddinə olaraq, əsirlər qılıncdan keçirilmiş, şəhərlər yandırılmışdır.
İbn-Əsir digər bir yazısında qeyd edir ki, abbasi xəlifəsi Müntəsir hicri 248-ci ildə türk Vəsifi rumlularla döyüşə göndərdi. Belə bir məsləhəti ona vəziri Əhməd ibn Xəsib verdi. Vəsifin bu döyüşə göndərilməsinin səbəbi vəzir ilə onun arasındakı ixtilaf idi. Xəlifə öz vəzirinin tə’kidi ilə Vəsifi on iki min döyüşçü ilə dörd il müddətinə sərhəd keşiyinə və rumlularla döyüşə göndərdi.
Deyilənlərdən belə görünür ki, İslam fəthi adı altında şəxsi məqsədlər güdülürdü, hakimiyyətin başında duranlar öz çirkin niyyətlərini həyata keçirdilər.
Dostları ilə paylaş: |