HƏDİYYƏLƏR
Xəlifələr müsəlmanların büdcəsindən, beytül-maldan təkcə xanəndə və rəqqasələrə yox, eləcə də bütün qohum-əqrəbalarına paylayırdılar. Mütəvəkkil anası Şücayə ildə altı yüz min dinar hədiyyə verirdi. Bu qadın dünyasını dəyişdikdən sonra ondan beş milyon dinar pul, bir milyon dinar dəyərində cəvahirat, ildə dörd yüz min dinarlıq məhsul verən əkin sahəsi qalmışdı. Mütəvəkkilin arvadı, Müəttəzin anası Ümmü-Qəbihə əri və oğlu tərəfindən ağlagəlməz dəyərə malik hədiyyələr alırdı. Qoşunun əlli min dinarlıq ehtiyacını tə’min etməkdə aciz olan Müəttəz öldükdən sonra anasının evindən bir milyon səkkiz yüz min dinar nağd pul, üç kisə cəvahirat tapıldı. Bütün bunların dəyəri iki milyon dinara çatırdı.
Xəlifələr onların və onların hakimiyyətlərinin haqq olduğunu, xəlifələrin peyğəmbərlərə imamlardan da yaxın olduğunu nəzmə çəkən, öz şe’rlərində ələvilərə qarşı nifrət oyadan şairlərə də böyük mükafat verirdilər. Mütəvəkkil onun xəstəlikdən şəfa tapması haqqında qəsidə yazmış İbrahim ibn Müdəbbirə əlli min dirhəm hədiyyə verdi. Bundan əlavə vəzirə göstəriş verildi ki, İbrahim qazanclı bir işə tə’yin olunsun. Əbül-Şəbəl Əlbürcəmi xəlifəni mədh edən şe’rinə görə otuz min dirhəm pay aldı. Xəlifəyə şərab badəsi verən qulu mədh etmiş şe’rinə görə Hüseyn ibn Zəhhak Xəli öz şe’rinin hər beytinə görə min dinar hədiyyə aldı. Əbül-Şəmt öz qəsidəsinə görə iki yüz min dinar mükafat əldə etdi. O, Mütəvəkkildən dəfələrlə belə mükafatlar almışdı.
İbn-Əsir Əbül Şəmtin dilindən belə nəql edir: «Mən Mütəvəkkilə rafiziləri (ələviləri) təhqir edən şe’rlər oxudum. O məni Bəhreyn və Yəmamə əmiri tə’yin etdi və başqa dörd xələt verdi. Müntəsirdən də xələt aldım. Sonra Mütəvəkkil məni üç min dinarla mükafatlandırdı. Daha sonra əvvəlki şe’rimə oxşar bir şe’rimə görə Mütəvəkkildən on min dirhəm hədiyyə aldım».
Mütəvəkkil onun işrət məclislərini qızışdıran təlxəkləri də səxavətlə mükafatlandırardı.
Bir gün Mütəvəkkil soyuq bir qış günü göstəriş verdi ki, saray xonsası4 İbadəni suya atsınlar. İbadə ölümlə çarpışdığı vaxt xəlifə onu sudan çıxartmağı əmr etdi. Sonra ondan soruşdu: «Halın necədir?» İbadə dedi: «O dünyanı görüb gəldim». Mütəvəkkil güldü və dedi: «Qardaşım Vasiqin halı necə idi?» İbadə dedi: «Yolum cəhənnəmdən düşmədi». Mütəvəkkil güldü və İbadəyə xələt verdi.
Mütəvəkkilin digər əyləncələrindən biri bu idi ki, çirkin və cahil bir şəxs olan şair Əbül-Übəri mancanağa qoyub göyə atsın. Şair havaya qalxanda xəlifə deyərdi: «Yolu açın, yolu açın!» Şair havada uçub suya düşərdi, sonra onu balıq kimi torla tutardılar. Bu əyləncənin müqabilində Mütəvəkkil ona hədiyyə verərdi. Məs’udi yazır: «İstənilən bir sahədə ixtirası, baməzəliyi olan adam Mütəvəkkildən hədiyyə alırdı».
Dostları ilə paylaş: |