İMAMLARIN HƏBSİ VƏ QEYB DÖVRÜNDƏ ŞİƏLƏRƏ RƏHBƏRLİK
Kiçik qeyb dövründə imam tam şəkildə məxfi olduğundan vəkalət qurumuna daha böyük ehtiyac duyulurdu. Çünki şiələrin öz imamları ilə əlaqə saxlaması yalnız səfirlər və vəkillər vasitəsi ilə mümkün idi. Həmin dövrdə şiələr öz ictimai-siyasi, ideoloji, iqtisadi çətinliklərinin həllində yalnız səfirlərə müraciət edə bilərdilər. Eləcə də imamlar həbsdə və ya ciddi nəzarət altında olduğu vaxt şiələr öz vəzifələrini vəkillərdən öyrənə bilərdilər.
VƏKALƏT QURUMUNUN FƏALİYYƏTİNİN ZAMAN VƏ COĞRAFİ BAXIMDAN MƏHDUDLUĞUNUN ARAŞDIRILMASI
Deyildiyi kimi, vəkalət qurumu vahid rəhbərlik altında proqramlaşdırılmış, fəaliyyətlər məcmusu deməkdir. Vəkalət qurumu dedikdə cüz’i, fərdi və ya şəxsi vəkillik nəzərdə tutulmur. Vəkillik məsələsinin tarixi həzrət Peyğəmbərdən başlayır. Həzrət peyğəmbərin, imam Əlinin (ə) və digər imamların hələ imam Sadiqə (ə) qədər nümayəndələri vardır. Amma imam Sadiqədək (ə) mövcud olan şərait vəkalət qurumunun mövcudluğunu zəruri etmirdi.
Bu qurumun imam Sadiq (ə) və ya imam Kazimin (ə) dövründən fəaliyyətə başlaması haqqında alimlər arasında müxtəlif rə’ylər var. Bə’zilərinin nəzərincə, qurum geniş proqramlarla imam Kazimin (ə) dövründə fəaliyyətə başlamışdır. Hətta imam Sadiqin (ə) vəkillərinin olmasını inkar edənlər də var. Məsələn, Əbdürrəhman ibn Əlhəccac «Əl-ğeybət» kitabında bə’zilərinin imam Sadiqə (ə) aid etdiyi vəkillərin imam Kazimin (ə) vəkilləri olduğunu bildirir. Hətta imam Sadiqə (ə) vəkil olduğu üçün şəhadətə çatan Müəlla ibn Hünəysin imamın təkcə sadə məsələlərdə vəkili olduğu bildirilir.
Başqa bir qrup alimin fikrincə isə, vəkalət qurumunu ilkin tə’sis edən imam Sadiq (ə) olmuşdur. Onlar bunu da inkar etmirlər ki, bu qurum imam Kazimin (ə) dövründə xüsusi ilə güclənmişdir.
Bizim mənbələrdə imam Sadiqin (ə) vəkillərinin olduğu bildirildiyindən ikinci baxışı daha əsaslı hesab edə bilərik. Əbdürrəhman ibn Əlhəccac, Müəlla ibn Hunəys, Nəsr ibn Qabus Ləhmi və başqa vəkillərin fəaliyyəti göstərir ki, imam Sadiqin (ə) belə bir qurum yaratmağa şəraiti olmuşdur. Çünki imam Sadiqin (ə) dövrü heç də imam Kazimin (ə) dövründən sıxıntılı olmamışdır. Biz imam Kazimin (ə) dövründə uyğun qurumun daha geniş fəaliyyət göstərdiyini görürük. Amma bu, o demək deyildir ki, imam Sadiqin (ə) dövründə belə bir qurum olmamışdır. Bə’zi rəvayətlərdən mə’lum olur ki, imamla ən ucqar nöqtədə yaşayan şiələr arasında rabitə olmuşdur. Məsələn, abbasi Mənsurun şiə adı ilə Xorasana, imam Sadiqin (ə) yanına casus göndərməsi və bu yolla onun əlaqələrini öyrənmək istəməsi yuxarıda deyilənlərə sübut ola bilər. Demək, vəkalət qurumunun imam Sadiqin (ə) dövründə fəaliyyətə başladığını qəbul edə bilərik. Bu qurumun fəaliyyəti bə’zən güclənib, bə’zən zəifləsə də, heç zaman dayanmamışdır. Kiçik qeyb dövründə isə bu fəaliyyətlər xüsusi ilə güclənmişdir. Çünki həmin vaxt şiələrin yeganə ümid yeri imamın vəkilləri və naibləri olmuşdur. Bu fəaliyyət dördüncü səfir vəfat edən tarixədək (hicri 329-cu il) davam etmişdir. Həmin vaxtdan böyük qeyb dövrü başlamış və həzrətin vəkalət qurumu vasitəsi ilə əlaqələri başa çatmışdır. Böyük qeyb dövrünün başlaması ilə vəkillərin vəzifəsi cameüş-şərait fəqihlərin üzərinə düşmüşdür. Fəqihlər ümumi şəkildə imamın vəkilləri sayılsalar da, imamla birbaşa əlaqə saxlamadıqlarından onları vəkalət qurumuna aid etmək olmaz. Demək, vəkalət qurumu imam Sadiqin (ə) dövründən başlayaraq kiçik qeyb dövrünədək fəaliyyət göstərmişdir.
Bəs bu qurumun fəaliyyətinin coğrafi tə’sir dairəsi haqqında nə demək olar? E’tiraf etməliyik ki, bu qurumun fəaliyyəti dövründə şiələr dünyanın Xorasan, Sistan, Həmədan, Əhvaz, Bəsrə, Kufə, Bağdad, Samirra və başqa bu kimi uzaq məntəqələrinə yayılmışdılar. Görünür ki, uyğun qurumun fəaliyyəti bu məntəqələri əhatə etmişdir. Çünki uzaq nöqtələrdə yaşayan şiələr imamla əlaqə saxlamağa çətinlik çəkirdilər. Demək, vəkalət qurumu şiələrin yaşadığı ən uzaq məntəqələrdə də fəaliyyət göstərmişdir. İlkin tarixi mənbələrimizdə və rical kitablarında hər biri hansısa fəaliyyətlərlə məşğul olan vəkillərdən danışılır. Tarixi faktlara əsaslanaraq bə’zi fəal vəkillər haqqında danışacağıq.
HİCAZ
Şiə imamlarının öncə sakin olduğu əsas şəhər Mədinə olduğundan və onlar yalnız məcbur olduqda bu şəhəri tərk etdiklərindən vəkalət qurumunun ilkin köklərini də orada axtarmaq lazımdır. Muəlla ibn Kunəys, Nəsr ibn Qabus imam Sadiqin (ə) Mədinə və onun ətrafındakı vəkilləri idilər. Muəlla ibn Kunəys məhz imam Sadiqin (ə) vəkili olduğu üçün abbasi hökumətinin rəislərindən olan Davud ibn Əli tərəfindən həbs edildi və şəhadətə çatdırıldı. İbn Tavusun bildirdiyinə görə, Muəlla imam Sadiqin (ə) ən məşhur vəkillərindən olmuşdur. Əksər şiələr öz şər’i ödənclərini ona təhvil verərmişlər. Şeyx Tusinin bildirdiyinə görə Nəsr ibn Qabus da iyirmi ilə qədər imam Sadiqin (ə) vəkili olmuşdur. Hansı ki onun bu vəkilliyi yalnız bir qrup adama mə’lum idi.
İmam Kazimin (ə) dövründə Yunis ibn Yə’qub, Müfəzzəl ibn Ömər Cö’fi həzrətin Mədinədəki vəkillərindən idilər. Müfəzzəl ibn Ömər vəkillər arasında böyük sayılırdı və həzrətin əmri ilə digər vəkillər ona müraciət edirdilər.
İmam Rizanın (ə) dövründə Hişam ibn İbrahim Abbasi Həmədani Raşidi həzrətin Mədinədəki baş vəkili idi. Kiçik qeyb dövründə Əbu-Əl-Məhəmməd ibn Əhməd ibn Həmmad Mürəvvizi Məhmudi vəkil olaraq Mədinədə fəaliyyət göstərirdi.
Məkkə də vəkalət qurumunun fəaliyyət dairəsinə daxil idi. İmam Hadinin (ə) məşhur vəkili Əli ibn Cə’fər Həmani Mütəvəkkilin həbsindən azad olduqdan sonra Məkkəyə üz tutdu və orada yaşamağa başladı. O öz vəkillik fəaliyyətini Məkkədə davam etdirirdi. Kiçik qeyb dövrünün başlanğıcında Misirdəki vəkillərdən də biri Məkkəyə gəldi. O, Məkkədəki vəkillərlə görüşüb Samirradakı vəziyyəti öyrənmək üçün oraya bir şəxs göndərdi. Həcc zamanı Məkkə müxtəlif məntəqələrdən gəlmiş vəkillərin görüş yeri olurdu.
Uyğun dövrün tarixini vərəqlədikdə mə’lum olur ki, Yəməndə də şiələr yaşayırmış və bu şəhər vəkalət qurumunun əhatə dairəsində imiş. Həsən ibn Fəzl Yəmaninin Yəməndə vəkil olduğu ehtimal edilir. Bundan başqa Yəmən əhalisi bə’zən vəkalət qurumunun rəhbərləri ilə görüşə gedər və şər’i ödənclərini onlara təhvil verərdilər. Nümunə olaraq, Yəmən əhalisindən olan bir qrupun imam Həsən Əsgəri (ə) ilə görüşünü xatırlaya bilərik. Bu görüşdə imam Həsən Əsgəri (ə) Osman ibn Səid Əmrini onlara tanıtdırdı və göstəriş verdi ki, həmin vaxtdan başlayaraq Osmanla əlaqə saxlasınlar.
İRAQ
Kufə mühüm şiə məntəqələrindən idi və bu şəhərdə imamların vəkilləri fəaliyyət göstərirdi. İmamların həyatı dövründə bu şəhərdə Əbdürrəhman ibn Əlhəccac, Əli ibn Yəqtin, Əli ibn Əbu Həmzə Bətaini, Həyyan Sərrac, Ziyad Qəndi, Əyyub ibn Nuh, Asimi imamın səfiri kimi fəaliyyət göstərirdilər.
Əbdürrəhman ibn Əlhəccac imam Cavadın (ə) dövrünədək Bağdad şəhərində fəaliyyət göstərmişdir. İmam Hadinin (ə) dövründə Əli ibn Əl Hüseyn ibn Əbdürrəbbə, ondan sonra Əbu Əli ibn Raşid imamın Bağdadda və Mədinədə vəkili olmuşlar.
İmam Həsən Əsgərinin (ə) dövründə Ürvə ibn Yəhya («Dehqan») imamın vəkili ünvanı ilə Bağdadda fəaliyyət göstərmiş, amma sonradan xəyanətə yol vermişdir.
Bağdad bütün kiçik qeyb dövründə dörd naibin yaşadığı mərkəz olmuş və şiələr bu dörd naibə müraciət etmişlər. İlk səfir imamın əmri ilə öz fəaliyyət yerini Bağdada köçürmüşdür. Orada ona Məhəmməd Qəttan, Haciz ibn Yəzid, Əhməd ibn İshaq idarə işlərində yardım göstərmişdir. Birinci səfirdən sonra övladı Məhəmməd ibn Osman Bağdadı vəkalət mərkəzi qərar vermiş və bu şəxsin on nəfər köməkçisi olmuşdur. Hüseyn ibn Ruh imamın əmri ilə üçüncü naib seçilmişdir. O da Bağdadda məxfi fəaliyyət göstərmiş, şiələrlə imam arasında rabitəni tə’min etmişdir. Hüseyn ibn Ruhdan sonra dördüncü səfir də Bağdadda fəaliyyət göstərmişdir.
İmam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) dövründə Samirra vəkalət qurumu üçün mərkəz olmuş və hər iki imam tərəfindən nəzarətdə saxlanılmışdır. Sonradan xəyanət yolunu tutmuş Fars ibn Hatəm Qəzvini, eləcə də, Əli ibn Cə’fər Hamani imam Hadinin (ə) Samirrada vəkilləri olmuşlar. Həmədanadək bütün mərkəzi İran əhalisi öz şər’i ödənclərini Fars ibn Hatəmə təqdim etmişlər. Sonradan o imamın digər vəkili Əli ibn Cə’fər Həmani ilə düşmənçilik edərək yolunu azmış və imam tərəfindən rədd edilmişdir.
Samirra kiçik qeyb dövrünün əvvələrinədək imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) fəaliyyət məkanı kimi tanınmışdır. Amma müəyyən səbəblərdən dörd naibin fəaliyyət yeri Samirradan Bağdada köçürüldü. Kiçik qeyb dövrünün bir hissəsini Samirrada yaşayan imam (ə) dörd nümayəndəsini oradan idarə edirdi.
İmamların vəkillərinin sakin olduğu məntəqələrdən biri də Vasət idi. İmam Kazimin (ə) vəkili Həsən ibn Qiyamə, kiçik qeyb dövrü zamanı vəkil Həsən ibn Məhəmməd ibn Qəttah Sidlani bu məntəqədə fəaliyyət göstərirdilər.
Bəsrə Əhvazdakı vəkilin fəaliyyət dairəsinə daxil olsa da, bu şəhərə xüsusi nümayəndə göndərilməsi barədə mə’lumatlar var. Məsələn, Əbu-Əmr Həzzanın Bəsrədə vəkil olduğu bildirilir.
İRAN
İranda şiə məntəqələrinin çoxluğu nəzərə alındığından əksər məntəqələrdə vəkalət qurumu fəaliyyət göstərirdi.
O dövrdə Xorasan məntəqəsinə əhalisi şiə olan Nişabur, Səbzevar, Buxara, Səmərqənd, Hərat və digər şəhərlər daxil idi. Amma tarixi mənbələrdə həmin dövrdə Xorasandakı vəkillər haqqında olduqca az mə’lumat verilmişdir. Mənbələrdə Fəzl ibn Sənanın həzrət Rizanın (ə) Nişaburda, İbrahim ibn Əbdənin imam Həsən Əsgərinin (ə) Nişaburda və sair şəhərlərdə vəkili olduğu bildirilir. Eləcə də, Əyyub ibn Nab həzrətin vəkili kimi Nişabura göndərilmişdir.
Kiçik qeyb dövründə Məhəmməd ibn Şazan ibn Nüim Şazani Nişaburda, Əli ibn Əl-Hüseyn ibn Əli Ət-Təbəri Səmərqənddə vəkil olmuşdur. Əbu-Əli Bağdadi adı ilə tanınan Hüseyn ibn Əli ibn Məhəmməd Qummi Buxarada vəkillik vəzifəsini yerinə yetirmişdir.
Qum şiə mərkəzi olduğu üçün vəkalət qurumunun burada fəaliyyəti daha güclü olmuşdur. Bu məntəqədə imamların vəkilləri öz işlərini layiqincə yerinə yetirmişlər. Mənbələrdə bildirildiyinə görə, bu məntəqələrdə Əbdül Əziz ibn əl Mühtədi imam Rizanın (ə) Qumda, Zəkəriyya ibn Adəm imam Cavadın həmin şəhərdə vəkilləri olmuşlar. İbn Şəhr Aşubun bildirdiyinə görə Yəhya ibn İmran Qumda vəkillik vəzifəsini icra etmişdir.
Məhəmməd ibn Əhməd ibn Cəfər Əl-Qummi Əl-Əttar bu məntəqədə imam Həsən Əsgərinin vəkili olmuşdur. İmam Həsən Əsgərinin başqa bir vəkili Əhməd ibn İshaq Qummi kiçik qeyb dövründə Qumda vəkillik vəzifələrini icra etmişdir. Əhməd ibn Həmzə ibn Əl-Yəs’ əl-Qummi kiçik qeyb dövründə bu məntəqədə həzrət Mehdinin (ə) nümayəndəsi kimi tanınmışdır.
Rey şəhərində şiələrin çox olmasına baxmayaraq kiçik qeybədək olan dövrdə bu şəhərdəki vəkillər haqqında mə’lumat verilmir. Kiçik qeyb dövründə isə Əbül-Hüseyn, Məhəmməd ibn Cə’fər Əsədi Reydə vəkil olmuşdur. Səduqun rəvayət etdiyinə görə Reydəki vəkillərdən biri də Bəssami olmuşdur. Bu şəxs həzrət Mehdinin (ə) çöhrəsini görməyə müvəffəq olmuşdur.
Əvvəldə qeyd etdik ki, Faris ibn Hatəm Qəzvini imam Hadinin (ə) vəkili idi. O, Samirradan əlavə, ehtimal ki, Qəzvində də fəaliyyət göstərirmiş. Tarixi mənbələrdə Əbu Cə’fər, Əbdüllah Əbu Ğani Qəzvini Qəzvində həzrət Mehdinin (ə) nümayəndəsi («Babul-Məhdi») kimi yad edilir.
Həmədan İranın əhalisi şiə olan mühüm məntəqələrindən idi. Təbii ki, imamların vəkilləri bu məntəqədə də fəaliyyət göstərmişlər. İbrahim ibn Məhəmməd Həmədaninin ailəsi imam Rizanın (ə) dövründən imam Əsrin (ə) dövrünədək bu məntəqədə tanınmış vəkillər olmuşdur. O özü imam Cavadın (ə) Həmədandakı mühüm vəkillərindən sayılır. Bu şəxs ətraf məntəqələrə də nəzarət edirmiş. Nəcaşinin nəql etdiyinə görə, Qasim ibn Məhəmməd ibn Əli ibn İbrahim ibn Məhəmməd Həmədanda vəkil olmuş, Əbu Əli, Əziz ibn Züheyr də bu məntəqədə vəkillik fəaliyyəti göstərmişlər. Onların üzərində Həsən ibn Harun rəhbərlik etmişdir. Həsən ibn Harundan qabaq onun atası Harun ibn İmran bu nahiyədə baş vəkil olmuşdur.
İmam Həsən Əsgərinin (ə) dövründə və qeyb dövründə Məhəmməd ibn Saleh və onun atası bu məntəqədə vəkillik fəaliyyəti göstərmişlər.
Həzrət Mehdinin (ə) Azərbaycan məntəqəsində vəkili Qasim ibn Əl-Ə’la olmuşdur. Onun vasitəsi ilə şiələrə bir sıra yardımlar göstərilmişdir. O, İbn Ruhun vaxtınadək bu nahiyədə fəaliyyət göstərmişdir. Qasim dünyasını dəyişdikdən sonra onun işini oğlu davam etdirmişdir.
Mənbələrdə imamların Əhvaz məntəqəsindəki vəkillərinin də adı çəkilir: Əbdüllah ibn Cündəb imam Kazimin (ə) və imam Rizanın (ə) Əhvazdakı vəkili olmuşdur. Əli ibn Məhzyar Əhvazi üç imam tərəfindən bu məntəqədə vəkil tə’yin edilmişdir. Digər bir vəkil İbrahim ibn Məhzyar vəkillər arasında xüsusi hörmət sahibi olmuşdur. O imam Hadinin (ə) dövründən başlayaraq, kiçik qeyb dövrünədək vəkillik fəaliyyəti göstərmişdir. Onun ardınca övladı Məhəmməd ibn İbrahim kiçik qeyb dövründə atasının işini davam etdirmişdir.
Bə’zi mənbələrdə bildirilir ki, Misir də şiələrin sakin olduğu bir məntəqə kimi vəkalət qurumunun nəzarəti altında olmuşdur. Osman ibn İsa Rəvasinin Misirdə imam Kazimin (ə) vəkili olduğu bildirilir. Eləcə də, Şəfi Xadim bu məntəqədə imam Həsən Əsgərinin (ə) vəkili olmuşdur.
Vəkalət qurumunun fəaliyyət dairəsi haqqında ötəri söhbətimizdən aydın olur ki, bu təşkilat məxfi olmasına baxmayaraq, çox geniş əraziləri əhatə etmişdir. Bu qurum öz fəaliyyətləri ilə dünya şiələrinin Mədinə, Samirra və ya Bağdaddakı rəhbərliklə rabitələrini tə’min etmişdir.
Dostları ilə paylaş: |