EHTİYACLILARA KÖMƏK
Vəkalət qurumunun vəzifələrindən biri də şiə ehtiyaclılara yardım göstərilməsi idi. Bu yolla bə’zən hakimiyyət dairəsinə də nüfuz etmək olurdu. Məsələn, imam Kazimin (ə) vəkili olan Əli ibn Yəqtin abbasi xilafəti qurumuna nüfuz etməklə şiələrə qarşı zülmü aradan qaldırmaq istiqamətində fəaliyyət göstərirdi. O bu işdə müvəffəq olmuşdu. İmam (ə) bu şəxsin abbasi xilafəti ilə həmkarlıqdan uzaqlaşmaq istədiyini eşitdikdə ona buyurdu: «Allah-təala hər azğının yanında öz övliyalarından vəzir qərar vermişdir ki, onun vasitəsi ilə öz dostlarını bəladan qurtarsın. Sən onlardansan, ey Əli».
Bə’zən isə vəkillər şiələr arasındakı ixtilafların aradan qaldırmaqla məşğul olmuşlar. Onlar bu yolda ixtiyarlarındakı büdcədən də sərf edirdilər. Məsələn, imam Sadiq (ə) öz vəkili Müfəzzəl ibn Əmr Zö’fiyə buyurmuşdu ki, büdcədən dörd yüz dirhəm xərcləməklə Əbu-Hənifə Saiq əl-Hac və onun yaxınları arasındakı ixtilafı aradan qaldırsın. Demək, imamlar şiələr arasındakı vəhdətə xüsusi diqqət yetirirdilər. Qeyb dövründə şiələrin yeganə sığınacağı vəkalət qurumu idi. Ona görə də səfirlərə müraciət etmək imkanı, hətta bə’zən əsrin imamı ilə görüşün təşkili şiələrə səfirlər tərəfindən göstərilən böyük yardım sayılır.
Dostları ilə paylaş: |