1.Rəhbərlik-Rəhbər mə’sum imam idi. O vəkillərin işinə ciddi nəzarət edirdi. İmam vəkilləri tə’yin edir, onların işini yoxlayır, vəkilləri şiələrə tanıtdırır, onların şəxsiyyətləri və fəzilətləri haqqında mə’lumat verir, ləyaqətsiz vəkilləri işdən uzaqlaşdırır, qurumla bağlı fırıldaqları ifşa edir, vəkilləri vəzifələri ilə tanış edir, abbasi hökuməti ilə rəftar qaydalarını müəyyənləşdirir, vəkilləri maddi cəhətdən tə’min edir, vəkillərə qarşı yersiz ittihamlara cavab verirdi.
2.Baş vəkil-Vəkalət qurumunda müxtəlif məntəqələrə vəkillər tə’yin edilir və hər bir geniş məntəqə üçün baş vəkil seçilirdi. Bu vəkil məntəqəyə daxil olan yerlərdəki vəkillərin işinə nəzarət edirdi. Doktor Casim Hüseynin bildirdiyinə görə, vəkillər şiələri ərazilərə görə dörd qrupa bölmüşdülər: Bağdad şiələri, Mədain şiələri, Qum (Həmədan və ətraf məntəqə) şiələri, Kufə şiələri. İkinci əraziyə Bəsrə və Əhavaz, dördüncü əraziyə Hicaz, Yəmən və Misir daxil idi. Hər nahiyədə bir müstəqil vəkil fəaliyyət göstərirdi. Onun ərazi üzrə nümayəndələri vardı. Məsələn, Əbu-Məhəmməd Həsən ibn Harun və onun atası Harun ibn İmran kiçik qeyb dövründə Həmədan nahiyəsində baş vəkil idilər. İmam Sadiq (ə) və imam Kazimin (ə) dövründə İraqda Əbdür-Rəhman ibn əl-Həccac baş vəkil kimi fəaliyyət göstərirdi. İmam Hadinin (ə) dövründə isə həmin ərazidə Əli ibn əl-Hüseyn ibn Əbdür-Rəbbə baş vəkil tə’yin olunmuşdu. Kiçik qeyb dövründə İranın şərq vilayətlərində vəkillərin işinə Əbül-Hüseyn Əsədi Razi başçılıq edirdi. Birinci və ikinci səfirin nəzarəti altında Bağdadda fəaliyyət göstərən Hacər ibn Yəzid Vəşşa öz növbəsində İrandakı bə’zi vəkillərə başçılıq edirdi.