Şeyx: «Bir az insaflı olun. Sizin kimi bir şəxsin bu mövzuda İblis, Bələmi,
Baura və Bərsisanı misal gətirməsi doğru deyil».
Dəvətçi: «Qüsur tutmayın, bir az əvvəl misalda, inadkarlıq göstərib münaqişə
edilməz dediyimi eşitmədinizmi?! Elmi və məzhəbi münazirələrdə təşbih və
misallar mövzunun yaxşı anlaşıla bilməsi üçün gətirilir. Allah şahiddir ki, misal və
şahid gətirərkən heç bir zaman xəyanət qəsdim yoxdur. Sadəcə öz nəzər və
əqidəmi isbat etmək üçün yadımda olanları söylədim».
Şeyx: «Ayənin özündə Əbu Bəkrin fəzilətini isbat edən əlamət vardır. Ayədə
belə buyurulur:
«Allah, sükunətini ona endirdi».
«Ona» kəlməsindən məqsəd Əbu Bəkrdir. Bu da aşkar şəkildə Əbu Bəkrin
başqalarından daha fəzilətli və üstün olduğunu ortaya qoyur və sizin kimilərin də
yanlış düşüncəsini ortadan qaldırır».
Dəvətçi: «Yanılırsınız, «Ona» kəlməsi Rəsulallaha (s) aiddir. Səkinə
(sükunət) Əbu Bəkrə deyil, Rəsulallaha (s) enmişdir. Çünki cümlənin arxasında
belə buyurur:
«Özünü, sizin görmədiyiniz ordularla dəstəklədi».
Haqqın ordusuyla dəstəklənmək Əbu Bəkrin deyil, Rəsulallahın (s) haqqıdır».
Şeyx: «Rəsulallahın (s) bu ordularla dəstəklənməsi qəti və bəlli bir şeydir.
Amma Əbu Bəkr (r.z) Rəsulallahla (s) bərabər olduğu üçün o da imkansız
deyildir».