SƏBİRİN NÖVLƏRİ
Əxlaq alimlərinin buyuruqlarında səbir və dözüm üç hissəyə bölünür:
1. Günahlar müqabilində səbir.
2. İtaətdə səbir.
3. Bəlaların və zəmanənin acı hadisələri müqabilində səbir.
Əgər bunların hər üçü birlikdə olsa, insan ən çətin hadisələrlə belə üzləşsə də hər cür iztirab və nigarançılığı özündən uzaqlaşdırar, təskinlik tapa bilər. Birinci səbir, “cihade əkbər” (ən böyük cihad) kimi tə`bir olunur və digər səbirlərin bünövrəsi sayılır. Ötən fəsildə qeyd olunduğu kimi “Bəqərə” surəsinin 155-ci ayəsində buyurulur: “Səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman “Biz Allahın bəndələriyik və (öləndən sonra) Ona tərəf qayıdacağıq” – deyirlər”.
Bu ayə Həzrət Əlinin (ə) buyurduğu kimi iki mətləbi bəyan edir:
1. Bizim hamımız Allahdanıq və bunu e`tiraf edirik.
2. E`tiraf edirik ki, biz Allaha tərəf qayıdacağıq.29
Yə`ni Allah qarşısında öz bəndəlik və təslim olmağımız gərək unudulmasın. Biz Allahın müqabilində bir şey deyilik. O hər nə istəsə, biz də onu bəyənməliyik. Baba Tahir deyir:
Kimisi dərd, kimisi dərman bəyəndi,
Kimi vüsal, kimi hicran bəyəndi.
Mənsə bəyənilənlər arasından,
Onu bəyəndim ki, canan bəyəndi.
“İsterca`” ayəsi kimi tanınmış bu ayədən istifadə edib, öz ruhiyyəmizi gücləndirək. “Bəqərə” surəsində iki yerdə (45-ci və 153-cü ayələrdə) buyurulur: “(Müsibət vaxtı) Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin”.
Namaz Allahla rabitə qurmaq üçün ən yaxşı vasitədir. Əgər bu rabitə kamil şəkildə yerinə yetirilsə, səbir və dözümlə birlikdə olsa, şübhəsiz hər cür acılıqları şirin edər. Bu sifarişlər kişi ilə qadına şamil edilsə də, “Əhzab” surəsində qadınlar barəsində xüsusi şəkildə söz açılır: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö`min kişilər və qadınlar, Allaha pərəstiş edən kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar, səbirli30 kişilər və qadınlar, Haqq qarşısında müt`i və təvazökar olan (yalnız Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən və oruc tutan kişilər və qadınlar, iffətli (namuslu) kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”
Dostları ilə paylaş: |