YUXU ALƏMİNDƏ İSLAMI QƏBUL ETMƏSİ
Məleykə deyir: “Yuxudan oyandım. Ancaq mənə təhlükə yaranmaması üçün yuxumu heç kimə, hətta cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin gecə-gündüz bu maraqlı yuxu barəsində fikirləşirdim və öz-özümə deyirdim: “Mən buradayam. İmam Həsən Əsgəri (ə) isə buradan çox uzaq bir şəhərdədir. Onun evinə necə gedib çıxa bilərəm? İmam Həsən Əsgərinin (ə) məhəbbəti tamam qəlbimi bürümüşdü. Yalnız onun barəsində fikirləşirdim. Axırda xəstələnib yatağa düşdüm. Bütün Rum həkimlərini mənim başımın üstünə gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki mənim xəstəliyim cismi xəstəlik deyildi ki, onların müalicəsi ilə sağalsın. Bir gün atam məndən naümid olub dedi: “Sənin bir arzun varmı ki, onu yerinə yetirim?”
Ona dedim: Arzum budur ki, döyüşdə əsir düşmüş müsəlman dustaqlara çətinlik yaratmayasınız, onlara işgəncə verməyəsiniz. Bəlkə bu yaxşı işə görə Allah mənim halımı yaxşılaşdıra, sağlamlığımı mənə qaytara, Həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə mənə lütf və mərhəmət edələr.
Atam mənim istəyimi yerinə yetirdi. Müsəlman dustaqlarının bir hissəsini azad etdi. Bə`zilərinin də cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O gündən sonra mənim halım günbə-gün yaxşılaşırdı. Bu səbəb oldu ki, atam müsəlman dustaqlarından çoxunun ürəyini ələ almağa, bağışlamağa və onları razı salmağı əmr etdi. Bu hadisədən on dörd gecə ötdü. Bir gecə yatdım və yuxuda gördüm ki, dünya və axirətin əziz və möhtərəm xanımı Fatimeyi-Zəhra (ə), Həzrət Məryəm (ə) və bir neçə digər qadınla mənim yanım gəldilər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. İxtiyarsız həyat yoldaşım İmam Həsən Əsgərini (ə) xatırladım. Ürəyim üzüldü və Fatimeyi-Zəhraya (ə) ərz etdim ki, İmam Həsən Əsgəridən (ə) gileyliyəm. Mənə baş çəkmir. Daha ağlamaq mənə aman vermədi, zarzar ağladım. Həzrət Fatimə (ə) buyurdu: “Nə qədər ki, sən xaçpərəstsən, oğlum sənin sorağına gəlməyəcək. Əgər Allah və Həzrət Məsihin (ə) səndən razı qalmasını istəyirsənsə, İslam dinini qəbul et, gözlərin İmam Həsən Əsgərinin (ə) camalını görməklə aydınlaşsın”.
Mən dedim: “Ey möhtərəm xanım! Bütün vücudumla İslamı qəbul etməyə hazıram”.
Həzrət (ə) buyurdu: “De, əşhədu ənla ilahə illəllahu və əşhədu ənnə Məhəmmədən (s) rəsulullah”.
Mən dedim: “Allahın birliyinə və Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm”.
Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə dolu bağrına basıb nəvaziş etdi və buyurdu: “Sevin! Sənə müjdə verirəm ki, bundan sonra İmam Həsən Əsgəri (ə) görüşünə gələcək və sən onun ziyarətinə müvəffəq olacaqsan!”
Yuxudan oyandım. Çox sevinirdim. Daim Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadəti dilimə gətirirdim. İmam Həsən Əsgərinin (ə) intizarında idim. Hər gecə həmin fikir və düşüncəylə yatırdım. Bir gecə yuxuda gördüm ki, İmam Həsən Əsgəri (ə) görüşümə gəldi. Onunla görüşdən çox sevindim. Gileyləndim ki, niyə mənim görüşümə gəlmirdin? Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu.
O buyurdu: “Ayrılığa səbəb bu idi ki, sən İslam dinində deyildin. Bundan sonra Allah səni zahirdə mənim həyat yoldaşım edənə kimi görüşünə gələcəm”. Yuxudan oyandım. Hər gecə o böyük insanı yuxuda görərdim. Bundan sonra halım yaxşılığa doğru gedirdi. Allahın mərhəməti ilə öz sağlamlığımı yenidən əldə etdim.
Dostları ilə paylaş: |