QADINLARIN SİYASİ İŞLƏRDƏ İŞTİRAK ETMƏSİ
Hicrətin səkkizinci ilində Məkkə İslam döyüşçülərinin, Allah Peyğəmbərinin (s) və İmam Əlinin (ə) əli ilə fəth edilərək müsəlmanların ixtiyarına keçdi. Kafirlər təslim oldular və Peyğəmbərin (s) hüzuruna gəlib o Həzrətə (s) bey`ət etdilər. Bu arada şücaətli və qəhrəman bir qadın, Əkrəmə ibn Əbi Cəhlin həyat yoldaşı “Ümmü Həkim” İslam dinini qəbul edəndən sonra bir dəstə qadınla Peyğəmbərin (s) hüzuruna gəldi. Ümmü Həkim Həzrətdən (s) soruşdu: “Allahın fərmanı “mə`ruf”dan84 məqsəd nədir? Bizə də ona riayət etmək sifariş olunub”.
Peyğəmbər (s) (“mə`ruf”un bir neçə aydın nümunəsinə işarə edib) buyurdu: “Məqsəd budur ki, qadınlar (acı hadisələr üz verəndə) sifətlərinə əlləri ilə xəsarət yetirməsinlər, üzlərinə vurmasınlar, saçlarını yolmasınlar, qara paltar geyinməsinlər, uca səslə nalə edib fəryad qoparmasınlar, öz kişilərini küfrə təhrik etməsinlər”.85
Bu qadınlar bey`ət üçün gəldikləri zaman Allah tərəfindən “Mumtəhinə” surəsinin 11-ci ayəsi nazil oldu. Ayədə qadınların bey`əti üçün altı şərt zikr olunur və belə buyurulur: “Ey Peyğəmbər! İmanlı qadınlar sənin yanına bey`ət üçün gəldikləri zaman,
1. Allaha şərik qoşmasınlar;
2. Oğurluq etməsinlər;
3. Zina etməsinlər;
4. Öz övladlarını öldürməsinlər;
5. Bir kəsə böhtan atmasınlar;
6. Yaxşı işlərdə sənə itaətsizlik göstərməsinlər.
Bunlara əsasən onların bey`ətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayan və mehribandır!”
Qadınlar bey`ət üçün hazır olanda Ümmü Həkim soruşdu: “Necə bey`ət edək?” Peyğəmbər (s) buyurdu: “Mən heç vaxt qadınlarla əllə görüşməyəcəyəm”.
Sonra bir qab istədi. Qabı gətirdilər və ona su tökdülər. Həzrət (s) əlini onun içinə saldı və çıxartdı. Bu zaman buyurdu: “Ey qadınlar! Siz də öz əllərinizi bu suya vurun”.86
Belə nəticə alırıq ki, Həzrət Peyğəmbərin (s) dövründəki nümunəvi qadınlar O Həzrətin (s) məktəbinin şagirdləri kimi siyasi bir işdə, yə`ni bey`ətdə iştirak etdilər, arxa cəbhədə yaralılara tibbi yardım göstərmək üçün daim hazır olur, yaxın adamlarının şəhid olmalarını həmişə iftixar bilir və bu yolda Allaha xatir olduğu üçün müqavimətli idilər. Əgər onların ərləri şəhid olsaydı, digər həyat yoldaşı seçməyi özlərinə ar bilməzdilər. Hənzələnin həyat yoldaşı Cəmilənin əhvalatında işarə olunduğu kimi, onlar hətta ərlərindən sonra öz övladlarını da cəbhəyə göndərməyə hazır idilər.
Zeyd ibn Asimin həyat yoldaşı Ümmü Əmmarənin (Nəsibənin) sərgüzəştində deyilir ki, o, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra düşmənin qarşısını almaq və Peyğəmbərlə (s) daim səhnədə qalmaq üçün Mədinə müsəlmanlarının Həzrətlə (s) bağladığı möhkəm peyman kimi tanınmış “Əqəbə bey`əti”ndə iştirak etdi. Peyğəmbər (s) buyurdu: “Bu iki qadının beyətini qəbul etdim. Mənim bunu qəbul etməyim, onlar üçün kifayət edər. Çünki mən (bey`ətdə) qadınlarla əl görüşmürəm”.87
Dostları ilə paylaş: |