8-İmam Rzanın (ə) möhtərəm anası Nəcmə
İmam Rzanın (ə) anası Məğribdən (Afrika və keçmiş Əndəlos hüdudlarından) olan “Tuktəm” adlı bir qadın idi.160 İmam Kazimin (ə) anası Humeydə (o da Əndəlosdan idi) onunla tanış olur və onu oğlu İmam Kazimin (ə) həyat yoldaşı olması üçün bəyənir. Tuktəm imamət və vilayət ailəsində Nəcmə adlandırılır. Nəcmə İmam Kazimlə (ə) ailə qurmazdan əvvəl Humeydədən İslam əxlaqı və qayda-qanunlarını öyrənir. O, din, iste`dad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həzrət Humeydə deyir: “Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm, mənə buyurdu: “Ey Humeydə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək”.
Mən bu göstərişə əməl edib Nəcməni oğlum İmam Kazimlə (ə) evləndirdim. İmam Rza (ə) da ondan dünyaya gəldi”.161
Rəvayətdə gəlib ki, Humeydə oğlu İmam Kazimə (ə) buyurur: “Oğlum! Tuktəm elə bir qadındır ki, ondan yaxşısını heç vaxt görməmişəm. Səni onunla evləndirirəm və sənə ona yaxşılıq etməyi sifariş edirəm”.162
Həzrət Nəcmə (ə) Allahın zikrinə, münacata və ibadətə o qədər vaxt ayırır ki, Həzrət İmam Rzaya (ə) süd verdiyi müddətdə qohumlarına deyir: “Dayə tutmaqla mənə kömək edin”.
Ondan soruşdular ki, sənin südünmü azalıb?
O cavabında deyir: “And olsun Allaha yalan demirəm! Südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən sonra namaz, təsbih zikrlərim və ibadətlərim azalıb (ibadət və münacatlarımı yerinə yetirmək üçün kömək istəyirəm)”.163
İmam Rzanın (ə) anası Həzrət Nəcmədən (ə) nəql olunur ki, “oğluma (Əli ibn Musa ər-Rzaya (ə)) hamilə olanda heç bir ağırlıq hiss etmədim. Yatanda öz bətnimdən həmd, təhlil və təsbih səsi eşidərdim və qorxardım. Yuxudan ayılanda isə heç bir səs eşitmirdim. O, (Həzrət Rza) dünyaya gələndə bir əlini yerə qoydu və başını səmaya qaldırıb dodaqlarını hərəkətə gətirdi. Elə bil ki, bir söz deyirdi. Bu anda atası Musa ibn Cəfər (ə) mənim yanıma gəldi və buyurdu: “Ey Nəcmə! Allahın kəraməti sənə mübarək olsun”.
Uşağı bir ağ parçaya büküb Həzrət Musa ibn Cəfərə (ə) verdim. Həzrət (ə) onun sağ qulağına azan, sol qulağına isə iqamə dedi. Fərat çayının suyundan istədi və onun ağzını Fərat suyu ilə islatdı. Sonra onu mənə tapşırdı və buyurdu: “Bu uşağı məndən al! O yer üzündəki Bəqiyyətullahdır”.164
Dostları ilə paylaş: |