ÖMRÜN QƏDRİNİ BİLMƏYİN ƏHƏMİYYƏTİ
«Ey Əbuzər! Öz ömrün üçün dinar və dirhəmindən daha artıq xəsislik et».
Böyük zəhmətlə çoxlu pul toplamış adam onu asanlıqla başqasına verə bilərmi? Yığdığı pulu böyük zəhmətlə qazandığı üçün müftə əldən çıxarmaz və onun qədrini bilər. Əksinə olaraq, bəzən mümkündür, insan azacıq zərər hiss etmədən saatlarla ömrünü batil yolda xərcləsin. Başqa ifadə ilə desək, mümkündür, biz malımızı xərcləməkdə xəsislik edək, lakin ömrümüzü xərcləməkdə xəsis olmayaq. Halbuki, malın dəyəri ömrün dəyərinə bərabər ola bilməz.
Əgər bir nəfərin həyatı təhlükə altına düşsə, sağ qalması üçün öz malından da neçə dəfə artıq pul xərcləməyə razı olur. Fərz edin, bir nəfər dünyanın bütün qızıl, gümüş, neft mədənlərinə sahibdir. Əgər ona «Sağ qalman üçün bütün bu sərvətlərdən keçməlisən» desələr, sərvətini verməzmi?
İnsan dünya imkanlarını özünün istifadəsi üçün istəyir. Əgər sağ qalmayacaqsa, onun üçün bu sərvətlərin nə faydası vardır? Deməli, onun ömrü yer üzündə olan sərvətlərdən daha dəyərlidir. Bəs nə üçün bu cür qiymətli sərvəti havayı əldən verir? Nəinki təkcə havayı əldən verir, üstəlik bəzən onun yerinə əbədi əzabı da qazanır. Bir halda ki, pulu, sərvəti havaya sovurmaq ağıllı bir iş deyil. Təbii ki, ötəri həvəslərdən ötrü ömrü bərbad etmək də ağıllı iş hesab olunmaz!
Ömür kimi qiymətli bir sərmayəni ucuz və müftə dostun, həyat yoldaşının, övladın ixtiyarında qoymayın. Başqaları şad olsun deyə, onu lazımsız yerlərdə sərf etməyin. O ki, qalmışdı, günah işlərdə sərf edəsiniz.
Bəli, əgər insan Allahın razılığını qazanmaq niyyəti ilə ömrünü başqalarını sevindirmək, ailəsini şad etmək və mömin qardaşına kömək etmək üçün sərf edərsə, nəinki ömrünü uduzmamışdır, əksinə, dəyəri dünyadan daha artıq olan Allahın razılığını da qazanmışdır. Lakin hər anı bütün dünyaya dəyəcək ömrü onun-bunun xoşuna gəlmək, baş qarışdırmaq üçün mənasız söhbətlərdə, əyləncələrdə sərf etmək, doğrudan da, ağıllı iş deyil, çünki bu halda ömrünü havayı əldən vermiş olur.
Dostları ilə paylaş: |