SƏKKİZİNCİ DƏRS SÖZLƏ ƏMƏLİN BİRLİYİ VƏ DİLİN QORUNMASI
SÖZ VƏ ƏMƏLDƏ SƏDAQƏT VƏ XƏYANƏT
«Ey Əbuzər! Hər kəsin dediyi ilə etdiyi bir olsa, öz xoşbəxtlik payını almışdır və hər kəsin sözü ilə əməli bir-birinə zidd olarsa, mükafat verilən zaman özünü danlayacaqdır».
Əksər insanlar danışıqda yaxşı işləri sadalayıb deyirlər: «Bu iş görülməlidir, filan işin dəyəri və əhəmiyyəti bu qədərdir, insan kamalına təsir qoyur» və s. Lakin icra olunma məhrələsinə yetişdikdə, rəftarları dedikləri ilə düz gəlmir. Çox az adamın bütün danışdıqları əməldə öz əksini tapır.
Əgər bir adamın sözü ilə əməli arasındakı uyğunluğun onun imanının dərəcəsinə bağlı olduğunu desək, imanı kamil olanların daha sədaqətli olduqlarını görəcəyik. Onların söz və əməlləri daha çox üst-üstə düşür və həqiqətdə, gördükləri iş dediklərinə bir nümunədir.
«Onlardır; sədaqətlilər və təqvalılar da elə onlardır»1 ayəsinin təfsirində mərhum Əllamə Təbatəbai buyurur: «Sədaqət, elm və əməldə mövcud olan bütün fəzilətləri özündə toplayan bir sifətdir. Çünki sədaqət bütün əxlaqi fəzilət və dəyərlərlə, məsələn iffət, şücaət, hikmət və ədalət kimi sifətlərlə yanaşı olan bir xislətdir; onu insanın etiqadından, sözündən və əməlindən ayırmaq olmaz. İnsanın sədaqətli olması, onun əqidə, söz və əməlində bir olması deməkdir.
İnsan fitrəti haqqı qəbul edib, daxilən ona təzim etmək istəyi ilə yoğrulmuşdur. Baxmayaraq ki, zahirdə düşündüyünün əksini deyir. Deməli, əgər haqqı etiraf edib ona sadiq qalırsa, etiqad etdiyi şeyi deyib dediyini əməldə də nümayiş etdirirsə, onun imanı xalisləşmişdir. Əxlaq və saleh əməlində tamamlayıcı mərhələyə çatmışdır».
Həmçinin buyurmuşdur:
«Allah-təalanın bəzilərini «siddiq» (həddən artıq sadiq) adlandırması ona görədir ki, onların rəftarı dediklərini əməldə təsdiq edir».
Danışığı etiqadına uyğun olan adam da sadiqdir, lakin siddiq daha yüksək mərhələdə durur. Siddiq bütün məsələlərdə danışığı etiqadına müvafiq olmaqdan əlavə, əməlində də müvafiq olan şəxslərə deyilir. Peyğəmbər (s) buyurur:
«Bir adamın danışığı ilə əməli uyğun olsa, səadətə çatar».
Əgər insan etiqadının, danışığının, əməlinin uyğun olmasına səy edərsə, siddiqlər məqamına nail olar. Əksinə, sözünə əməl etməyən insan münafiq və yalançıdır. Necə ki, Qurani-kərim dildə Peyğəmbərin (s) peyğəmbərliyinə şəhadət verib, ürəklərində etiqadı olmayan münafiqləri yalançı sayır və buyurur:
«Ey peyğəmbərimiz! Elə ki, münafiqlər sənin yanına gəlib dedilər: «Şəhadət veririk ki, sən Allahın elçisisən - aldanma! Allah bilir ki, sən Onun elçisisən və O şəhadət verir ki, münafiqlər yalan deyirlər»1.
Münafiqlərin sözlərinin yalan olmasına dəlil budur ki:
«Dildə izhar etdikləri şeyin əksini ürəklərində gizlədərlər. Allah onların gizlətdiklərini onlardan daha yaxşı bilir…»2.
Peyğəmbər (s) buyurur: «Bir adam öz dediyinə əməl etmirsə, ancaq özünü qınayıb məzəmmət etsin. Çünki danışığından aydın olur ki, haqqı və vəzifəsini yaxşı bilir və höccət onun üçün tamamlanmışdır».
Təbiidir ki, haqqı, doğru yolu tanıyıb, hətta başqalarını bu yola dəvət edən insan əməldə öz dediklərinə əməl etmirsə, ancaq özünü danlamalıdır.
Peyğəmbərin (s) bu sözü daha çox elm əhlinə və minbərə çıxıb xalqa nəsihət edən din xadimlərinə aiddir. Xalqı haqqa dəvət edən kəslər əvvəl özləri dedikləri sözün üstündə durmalıdırlar. Həmçinin, əməlləri etiqad və söylədiklərinin həyatda bir cilvəsi olmalıdır.
Allah Quranda bu dəstəni danlayaraq buyurur:
«Siz camaatı yaxşı işlər görməyə əmr edirsiniz və (amma) özünüz onu yaddan çıxarırsınız! (Özü də) Allahın kitabını oxuyursunuz. Niyə düşünüb fikirləşmirsiniz?»1.
Burada «yaddan çıxarmaq» unutmaq mənasında deyil. Quranın çatdırmaq istədiyi məna budur ki, öz dediklərinizə əməl etmirsiniz. Çünki mümkündür, öz sözü yadında olsun, lakin ona əməl etməsin.
Necə ola bilər ki, ürəyi yanan bir halda başqalarına «filan işi görün, filan işi tərk edin»-deyə nəsihət etsin, lakin özünü yadından çıxarsın! Başqalarına özündən çoxmu ürək yandırır? Belə şey inandırıcı deyil.
Əli (ə) buyurur:
«Allahdan qorxun! Allahdan qorxun! (Hətta) sizin üçün ən əziz adamlar barəsində olsa da belə»2.
Həzrətin (s) yuxarıdakı sözü deməkdə məqsədi budur ki, siz özünüzü başqalarından daha çox sevirsiniz. Başqalarını da sevməyinizin səbəbi, onların sizin öz hədəfinizə çatmağınızdan ötrü bir vasitə olması, həyatdan zövq almanız, səadətə qovuşmanızdan ötrü sizin üçün yaratmalarıdır. Onlarla birlikdə oturub-durmanız, deyib-gülməyiniz sizin üçün xoşdur. Deməli, əsas siz özünüzsünüz və başqalarını da özünüzə görə sevirsiniz. İndi necə olur ki, başqalarına can yandırıb nəsihət edir, lakin özünüzü yaddan çıxarıb halınıza acımayasınız və dediklərinizə əməl etməyəsiniz?!
Allah-təala buyurur:
«Ey iman gətirənlər! Niyə bir şeyi söyləyib (sonra) əməl etmirsiniz. Deyilənə əməl etməmək Allah yanında çox pisdir»1.
Dostları ilə paylaş: |