ALLAHIN NƏZƏRİNDƏ DÜNYANIN DƏYƏRSİZLİYİ VƏ KİÇİKLİYİ
Dünyanın məzəmməti və puçluğu barədə Peyğəmbər (s) sonrakı cümlədə buyurur:
«Ey Əbuzər! And olsun o Allaha ki, Məhəmmədin canı onun əlindədir, əgər dünyanın Allah yanında milçəyin qanadı qədər dəyəri olmuş olsaydı, kafirə bir damla su belə verməzdi».
Dünya məhəbbəti elə bir bəladır ki, az-çox hamımız bu dərdə mübtəlayıq. Əgər indi ona mübtəla olmasaq da, mümkündür, gələcəkdə mübtəla olaq. Yaxşı olardı ki, Həzrətin (s) bu bəyanına daha diqqətlə yanaşaq və ondan öz nəfsimizin tərbiyəsi üçün faydalanmağa çalışaq.
Bizim üçün dəyər meyarı heyvani ləzzətlərdir. Ona görə də, daha çox xoşumuza gələn hər bir şeyə daha artıq dəyər veririk və bu bizim istəyimizin göstəricisidir. Lakin İslam dəyər üçün başqa bir meyar təqdim edir və o, Allahın istəklərini öz istəklərindən daha üstün tutmaqdır. Yəni dəyərli olan işlər bizim nəfsimizin meyl etdiyi şeylər deyil, mehriban Rəbbimizin tə`yin etdiyi məsələlərdir.
Peyğəmbər (s) and içir ki, dünya bütün cah-cəlalı və ömürlərin yolunda hədər getdiyi, neçə-neçə canları qurban etdiyi ləzzətləri ilə milçəyin qanadı qədər dəyərli olsaydı, Allah onun bir qurtum suyunu belə kafirlərə içirtməzdi. Əgər dəryaların, okeanların Allah üçün dəyəri olsaydı, kafirə ondan bəhrələnməyə imkan verməzdi, ancaq övliyaların ondan faydalanmasına imkan yaradardı.1
Müsəlman və kafirin dünya nemətlərindən bərabər olaraq bəhrələnməkləri, elə dünyanın həqiqətdə, zati olaraq dəyərə malik olmadığının göstəricisidir. Dünya bu baxımdan imtahan vasitəsidir.
Allah-təala Quranda buyurur:
«Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vasitəsidir. Ən böyük mükafat [cənnət] isə Allah dərgahındadır!»2.
Başqa bir yerdə buyurur:
«[Bəzi adamların fəxr etdiyi] mal-dövlət, oğul-uşaq [oğullar] bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də [Allahın mərhəmətinə] ümid etibarilə daha xeyirlidir!»3.
Başqa bir ayədə dünyanın fani olması və Allah yanında əbədi qalacaq şeylər barədə buyurur:
«Sizdə olan [dünya malı] tükənər, Allah dərgahında olan [axirət nemətləri] isə əbədidir. [Allah yolunda] əziyyətlərə dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq»1.
İnsan belə təsəvvür edir ki, dünya nemətlərinin dəyəri vardır və kim onlardan daha çox istifadə edirsə, daha çox dəyərə malik olur. Quran yanlış olan bu düşüncə tərzi barədə buyurur:
«İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə və ona bir nemət versə, o, «Rəbbim mənə ehtiram göstərdi!»-deyər»2, «Amma nə zaman Rəbbin onu imtahana çəkib ruzisini əskiltsə, «Rəbbim məni alçaltdı, mənə xor baxdı!», - deyər»3.
Həqiqət budur ki, dünya sınaq vasitəsidir. İnsan istər mal-dövlət sahibi olsun və istərsə də ondan məhrum qalsın, hər iki halda sınaq meydanındadır. Nə dünyaya sahib olmaq böyüklük və kəramət sayılır, nə də kasıblıq başıaşağılıq gətirər. Dünya Allahın nəzərində dəyərsiz olduğu üçün kafiri ondan məhrum etmir. Bunun müqabilində, cənnət və onun nemətləri Allah yanında dəyərli hesab edilir. Məhz bu səbəbdən də, kafiri cənnətdən məhrum edir:
«Cəhənnəm əhli cənnət əhlinə müraciət edib, «Üstümüzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!», - deyəcək. Onlar isə, «Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!», - deyə cavab verəcəklər»4.
Cənnət və onun nemətləri elə bir dəyərə malikdirlər ki, kafirlərin ondan istifadə etməyə ləyaqətləri çatmır. Həqiqətdə, əsl və həqiqi olan bu dəyər Allah övliyalarına məxsusdur. Bunun müqabilində dünyanın Allah üçün dəyəri yoxdur və bu səbəbdən də kafirlərin ondan istifadə etməsinə maneçilik törətmir. Çox vaxt kafirlər başqalarından daha artıq dünya nemətlərinə yiyələnirlər və dünya imkanlarından daha çox istifadə edirlər. Əlbəttə, nə qədər çox dünya nemətlərinə sahib olsalar, bir o qədər də əzabları artacaqdır. Çünki kafir onları tüğyan və qeyri-haqq yolda olan məqsədlər üçün sərf edir.
Maraqlı burasıdır ki, Peyğəmbər (s) dünyanın Allah yanında dəyərsiz olduğunu söyləyərkən and içir. Məlum olur ki, adi insanlar üçün bu həqiqətə inanmaq çətindir. Necə olur ki, dünya özünün bu qədər sərvətləri, imkanları və ləzzətləri ilə insanların istifadəsinə verilsin, lakin Allah yanında bir milçəyin qanadı qədər dəyərli olmasın?! Məsələ burasındadır ki, bizim həqiqətlər barədəki məlumatımız və bəsirətimiz azdır. Həyatımızın əsasını maddiyyatda görürük, dünyanı həyatımızın mehvəri qərar vermişik. Dünyanın Allah yanında, Quranın nəzərində dəyərsiz olduğundan xəbərimiz yoxdur. Bilmirik ki, dünyanın etibarı onun vasitə, sınaq olması həddindədir. Həqiqi dəyər insanın səadətinə səbəb olub, onu haqq rizvana qovuşduran yaxşı əməllərdir. Həqiqi dəyər insanın Allaha yaxınlaşmasına səbəb olan şeylərdədir. Bu həmin o hədəfdir ki, insanın yaradılışının əsas qayəsi olmuşdur. İnsandan da məhz öz yaradılış qayəsinə qovuşması üçün bütün imkanlardan, dünya vasitələrindən yararlanması istənilmişdir.
Dostları ilə paylaş: |