UZUN-UZADI ARZULAR VƏ FƏALİYYƏTDƏN YAYINMAQ, TƏQVA VƏ TƏVƏKKÜLÜN ZƏİFLƏMƏSİNƏ BİR NİŞANƏDİR
İşarə edildiyi kimi, əksər insanlar uzun-uzadı arzularla yaşayır, bu dünyada uzun müddət yaşayacaqlarına ümid edirlər. Düşüncələri, işləmək və çalışmaqları gələcək üçündür. Buna görə də, gələcəkdə olacaq işlərin nigarançılığını çəkirlər. Əgər birdən universitetə qəbul olmasalar, gələcəkdə əməlli-başlı bir iş, vəzifə tapıb-tapmayacaqları, ev-eşik sahibi olub-olmayacaqları barədə narahatdırlar.
Bilməliyik ki, bu düşüncələr təqva və təvəkkül ruhiyyəsinin olmaması üzündəndir, yoxsa Allaha təvəkkül edənin, onun inayətinə arxalananın gələcəkdə heç bir nigarançılığı yoxdur. Çünki Allahı hər şeyin maliki bilir. Görəsən, öz gələcəyi üçün nigaran olan kəs haradan bilir ki, gələcəyi var, ya yox?!
İslam və dini mərifət insana bu gün boynuna düşən vəzifəsini yerinə yetirməyi hökm edir. Çünki məlum deyildir ki, bir saat sonra varıq, ya yox.
Diqqət etməliyik ki, dünya və onun ləzzətlərinin nigarançılığını çəkmək məzəmmət edilmişdir. Bundan qeyri halda, insan bu günkü vəzifəsinə əməl edər və gələcəkdə ehtimal verdiyi vəzifələri üçün də proqram nəzərdə tutarsa, bu iş nəinki pis deyil, əksinə, insanın vəzifələrindən sayılır. Baxmayaraq ki, hər təklif və vəzifə xüsusi gün üçündür və öz vaxtında vacib olur. Bu gün namaz qılmaq vacibdir və sabahkı namaz üçün heç bir məsuliyyət daşımırıq. İndi əgər səhərə sağ çıxsaq, vacibdir ki, o günün namazını da qılaq. Eləcə də, digər vəzifə və təkliflərin hər biri özünəməxsus bir zamanda bizə vacib olur və o andan öncə, həmin vəzifə qarşısında məsuliyyət daşımırıq. Deməli, zahidin öz gələcəyindən nigaran olması, sabah başına bir iş gələcəyindən, dünyasının axırının necə olacağından qorxması yersizdir. Lakin yəqin şəkildə bilinən gələcəyə, axirətin son gününə görə nigaran olmağa dəyər. Çünki qiyamətin gələcəyi gündən qaçıb qurtulmaq olmaz. Axirətin əlindən çıxıb qaçmaq mümkün olsaydı, bəziləri çox sevinərdilər, lakin o gün Allahın hökmü qətidir. Allah buyurur:
«Ey iman gətirənlər! Qorxun Allahdan. Hər kəs baxıb görsün sabahkı gününə özü üçün nə hazırlamışdır. Qorxun Allahdan. Tutduğunuz işlərdən xəbərdardır O»1.
Rəsuləllah (s) hədisin davamında mal-dövlət toplamaqdan çəkinmək haqqında Allahın ona verdiyi göstərişə işarə edərək buyurur:
«Ey Əbuzər! Allah mənə mal-dövlət toplamağı vəhy etməyib, lakin vəhy edib ki, Allahın nemətlərinin şükrü olaraq Ona «Həmd edim, Onu anım və səcdə edənlərdən olum! Və ölənə qədər Rəbbimə ibadət edim»1.
Əgər sərvət toplamaq insanın kamal və səadətinə səbəb olan bir şey olsaydı, Allah Peyğəmbərə (s) mal-dövlət yığmağı tapşırardı. Lakin Allah-təalanın belə bir tapşırığı olmayıb. Əksinə, ona buyurur:
«Ölüm ayağına qədər Allaha təsbih deyib, ibadət və dua et».
Allaha ibadət və bəndəliyin müxtəlif göstəriciləri vardır: hərdən ibadət vacib və müstəhəb olan fərdi ibadətlərə aid olur və hərdən də, cəmiyyətə xidmət, elm öyrənib-öyrətmək, İslam mədəniyyətini yaymaq və nəhayətdə, insanın məsuliyyət daşıdığı hər bir şeyə şamil olur.
Dostları ilə paylaş: |