NİYYƏT VƏ ONUN ƏMƏLİN ÖLÇÜSÜNDƏKİ ROLU
«Ey Əbuzər! Hər bir işi görəndə, hətta yeyəndə və yatanda belə, niyyətin olsun».
Tərbiyəvi baxımdan bu mətləbin xatırlanması, olduqca əhəmiyyətlidir. Əlavə olaraq, bu mətləb geniş bəhsə ehtiyacı olan mühüm elmi, fəlsəfi əsasa söykənir. İnsanın gördüyü hər bir işin dəyəri, hətta Allaha ibadəti onun niyyətinə bağlıdır. İki fərqli niyyətlə görülmüş bir işin dəyərləndirilməsi də fərqlidir. Bir kəs dostu tərəfindən qonaq çağırılır, əgər dostunun dəvətini qəbul edib onun evinə getsə, çox yaxşı və ləyaqətli bir iş görmüşdür. Lakin əgər bu getmək Allaha yaxınlaşmaq qəsdi ilə olmuş olsa, yəni Allahın, möminlərin bir-birinin dəvətini qəbul etməsini sevdiyini nəzərdə tutaraq dostunun evinə getsə, onun bu əməli ibadət hesab olunur və bu savab baxımından da, bu niyyətlə olan gedişi birincidən qat-qat üstündür. Və ya müstəhəb oruc tutubdur və dostu onu nahara dəvət edir. Allahı sevindirmək niyyəti ilə orucunu sındırıb dəvəti qəbul etsə, bu əməli ibadət sayılır və savabı da tutduğu müstəhəb orucdan daha çoxdur. Lakin əgər dəvəti yeməkdən xoşu gəldiyi üçün qəbul etsə, könlündən keçən yemək olduğu üçün orucunu sındırsa, bu əməlin heç bir savabı olmayacaqdır. Çünki əməli Allah xatirinə görmür. Deməli, həmin yemək yeməyin özü Allah xatirinə olsa, savab və mükafata layiq və insanın kamala yetməsində dəyərli rola malikdir. Belə olan təqdirdə, insan özünün bütün gündəlik işlərinə - yatmaqdan, yeməkdən, baxmaqdan, hətta zarafat etməkdən tutmuş namaz, oruc kimi əməllərə qədər - ibadət rəngi verə bilər. Bu o halda mümkündür ki, insan bu işləri Allah rizası üçün görmüş olsun.
Böyük şəxsiyyətlərdən bəziləri bir iş görmək istəyəndə əvvəl dayanıb fikirləşər, bu işdə niyyətlərinin Allaha görə olduğuna əmin olduqdan sonra həmin işi görərdilər. Yaxud onlardan bir sual edildikdə o dəqiqə cavab verməzdilər, azacıq fasilə verib qəlbi niyyətlərinə nəzər salar, niyyətlərini müəyyənləşdirib Allaha xatir etdikdən sonra cavab verərdilər. Bu məsələ onu göstərir ki, mömin elə zirək və fərasətli ola bilər ki, ömrünün hər anından, hər dəqiqəsindən Allah rizasını qazanmaq üçün istifadə edə bilər.
Deməli, ən sadə və gündəlik işlərdə də düzgün niyyət etməklə insan həm ləzzət ala bilər, həm də ibadət etmiş olar. Həm dünya və həm də axirət ləzzətləri əldə etmiş olar. Belə hallarda dünya ilə axirəti bir araya gətirmək mümkündür. Dünya və axirət o halda cəm olmur ki, aralarında təzad olmuş olsun; məsələn, haram və vacib kimi əməllər ki, heç bir vaxt bir araya sığmırlar. Lakin mübah işin əncamında ilahi niyyəti nəzərdə tutmuş olsa, həm dünyəvi ləzzəti əldə etmiş olacaq, həm də ona savab əta ediləcəkdir.
Əlbəttə, qürbət qəsdi və ilahi niyyətin müxtəlif dərəcələri vardır. O cümlədən, günahdan uzaqlaşmaq və Allahın istəkləri ilə müxalifət etməmək üçün qərara gəlmək o dərəcələrdən biridir.
Rəhmətlik Əllamə Təbatəbai nəql edir ki, həzrət Əli (ə) gecənin nafiləsini qılmaq üçün yuxudan oyananda, cismi gümrahlığı və ibadətə hazır olması üçün soyuq su ilə qüsl alardı.
Təbiidir ki, Əli (ə) kimi bir şəxsiyyət səhərdən axşama qədər ya müharibədə iştirak edirdi, ya da əkin əkib, yer belləyirdi. Əlavə olaraq beş yüz, ya min rükət namazdan sonra çox yorğun olur və gecə yarısı namaz qılmaq üçün qalxanda kifayət qədər gümrah olmurdu. Buna görə də, yorğunluğunu və əzginliyini dəf edə bilmək üçün qalxıb soyuq su ilə yuyunurdu. Bu, onun qüvvəsini və ruhiyyəsini artırırdı.
Dostları ilə paylaş: |