Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


QİYAMƏTİN VƏSFEDİLMƏZ ƏZƏMƏTİ



Yüklə 1,68 Mb.
səhifə109/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   117

QİYAMƏTİN VƏSFEDİLMƏZ ƏZƏMƏTİ


Şübhəsiz ki, axirət aləmi, o cümlədən cənnət və cəhənnəm Allahın yaratdıqları içərisində ən əzəmətli yaradılmışlardandır. Cənnət və cəhənnəmi olduğu kimi dərk etmək bizə müyəssər deyil. Ayə və rəvayətlərdən əldə edilən məlumatlara əsasən, Allahın əzəməti dərkedilməz olduğu kimi, qiyamətin də əzəməti və dəhşəti dərkedilməzdir. Onu olduğu kimi təsəvvür etmək qeyri-mümkündür. Lakin Allahın əzəmətinin nişanəsi olan onun haqqında ayə və rəvayətlərdə işarə edilmiş məlumatlara diqqət yetirməklə, qiyamətin əzəməti qarşısında öz mövqeyimizi, kiçikliyimizi azacıq da olsa, dərk edə bilərik. Qiyamət səhnəsinə hakim olan dəhşət və qorxu barəsində Quran buyurur:

«Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyildirlər. Bu ancaq Allahın əzabının şiddətli olmasındandır!»1.

Qiyamətin səhnəsi elə dəhşətli və qorxulu olacaqdır ki, insanın ağlını başından çıxaracaqdır; belə ki, özünü idarə etməyə gücü çatmayacaqdır. Ana öz əziz körpəsini - özü də südəmər körpəsini ki, bu yaşında anasına daha çox ehtiyac duyur - qorxunun şiddətindən unudub, öz hayına qalacaqdır. Əgər insan bu ayədə deyilənlərə, onun möhtəva və məfhumuna diqqət etsə, nə qədər təkanverici olduğunu görəcəkdir. Bu onun batil baxış və rəftarının dəyişilməsinə kömək edir, onu səadət yolunun qarşısını kəsən maneələrdən uzaqlaşmağa vadar edir.

Təəssüflər olsun ki, biz ayələrin mənasına çox az diqqət edirik. Quranı ancaq üzdən oxuyub keçirik. Çalışdığımız budur ki, qiraətimiz yaxşı olsun, gözəl avazımız olsun, daha onun mənasına fikir vermirik. Öndə deyildiyi kimi, biz axirətin əzəmət və mahiyyətini dərk etməkdə acizik.

Qiyamət, cənnət və cəhənnəm haqqında olan təsəvvürümüz bu dünyada qazandığımız təsəvvür və hisslər əsasında formalaşır. Bizə cəhənnəmin yanar odundan danışanda, təsəvvürümüzə bu dünyada əlimizi odun üstünə tutarkən hiss etdiyimiz istiliyin dərdli əzabı gəlir. Cəhənnəmin yandırıcı atəşi haqqında təsəvvürümüz, bu dünyadakı atəşin yandırıcı olduğu həddədir. Və ya cənnətin nemətlərindən, ləzzətlərindən söz düşəndə, təsəvvürümüz bu dünyada dadıb-tanıdığımız ən yaxşı nemətlər üzərində cəmləşir və bundan artığı da yoxdur.

İnsan zehninin çərçivəsi və tutumu, onun xarici mühitdə gördüyü, daddığı və təcrübə etdiyi şeylərin həddində məhdudlaşır və özü də müqayisədən sonra onlar haqqında təsəvvür əldə edə bilir. İnsan görmədiyi, təcrübə etmədiyi şeyi təsəvvür edə bilmir. İnsanın zehni fəaliyyətinin məhdudiyyətini nəzərə alsaq, axirət aləminin xüsusiyyət və sifətlərinin bəyanı üçün onları, insanın bu dünyada dərk etdiyi təsəvvürlərin oxşar qəlibində bəyan etməkdən başqa çarəsi qalmır. Belə olmazsa, həmin xüsusiyyətləri heç vaxt dərk etmək olmaz. Buna görə də, həmin xüsusiyyətlərin dərkimizin üfüqündə otura bilməsi üçün mümkündür ki, milyon dəfələrlə tənəzzül etsin. Yəni bizim təsəvvürümüzün qəlibində yerləşə bilməsi, bizim dünyamızla oxşar bir hala gələ bilməsi üçün dəfələrlə kiçilmiş olsun. Əgər dərkimizin üfüqündən yuxarıda olarsa, bizə təsir etməyəcəkdir, çünki dərkedilməz olacaqdır. Deyilənləri nəzərdə tutaraq, Quranda və rəvayətlərdə səy edilmişdir ki, cənnət və cəhənnəmin əzəməti xalqın tanış olduğu nümunələrin qəlibində açıqlansın. Bu rəvayətdə də, Peyğəmbər (s) cənnət və cəhənnəmin əzəmətini bəyan edərkən, həmin üsulu seçmişdir.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin