CƏNNƏT ‒ MÖMİNLƏRİN ƏN ALİ MƏNZİLİ
Şübhəsiz, cənnət və onun nemətləri də Allahın ən böyük yaratdıqlarından sayılır. Bu nemət Allahın bəndəlik yolunu keçənlərə, iman və saleh əməllərlə insanlıq mərhələsinin ən ali məqamına layiq görülənlərə və nəhayət, Allahın mələkut aləminə qədəm qoyanlara nəsib olur:
«(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman, «Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir» deyəcəklər. Əslində isə, bu meyvələr dünya meyvələrinə zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar»2.
Başqa bir ayədə Allah-təala buyurur:
«Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə, (bunların hamısından) daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur!»1.
Həqiqətdə, insan saleh əməllərin sayəsində cənnəti və onun nemətlərini qazanır. Buna görə də, insan Allaha bəndəlik yolunda nə qədər çox səy edər və kamal yolunun maneəsi olan nəfsin istəkləri ilə nə qədər çox mübarizə apararsa, qarşılıqlı olaraq daha artıq və üstün nemətlərə çatacaqdır. Bu, Quranda və rəvayətlərdə rast gəldiyimiz açıq həqiqətlərdir. İmam Sadiqdən (ə) nəql edilmişdir ki, Peyğəmbər (s) buyurdu: «Göylərə merac etdiyimdə, cənnətə daxil olub gördüm ki, mələklər imarət tikməklə məşğuldurlar; qızıl və gümüşdən olan kərpicləri bir-birinin üstünə qoyur və hərdən də dayanıb dururdular. Onlara dedim: «Niyə gah işləyir, gah da dayanıb durursunuz?» Dedilər: «Gözləyirik lazım olan avadanlıq gəlsin. Dedim: «Sizin istifadə etdiyiniz avadanlıq nədir?» Dedilər: «Möminlərin dilindən çıxan «Cübhanəllah», «Əlhəmdulillah», «La ilahə illəllah» və «Allahu Əkbər» zikri bizim avadanlıqlarımızdır. Mömin bu zikri deməyə başlayan vaxt ərzində, biz də bu işə məşğul oluruq. Elə ki, zikri saxladılar, biz də dayanırıq»2.
Peyğəmbər (s) cənnəti vəsf edərək belə anladır:
«Ey Əbuzər! Əgər cənnətin qadınlarından biri gecənin zülmətində göydə zahir olsa, nuru yerə on dörd gecəlik aydan daha çox işıq salar. Saçlarını oynatdıqda, zülfündən ətrafa yayılan ətrin iyi bütün yer əhlini bihuş edər. Cənnət əhlinin libaslarından birini bu dünyada açıb sərsələr, onu görən bihuş olar və ona baxmağa insan gözü tab gətirə bilməz».
Həzrətin (s) bu bölümdə dediklərindən belə anlaşılır ki, qiyamət günü insanın gözünün gücü, bu dünyada olduğundan daha güclü olacaqdır. İnsanlar bu dünyada o qədər zəifdirlər, dərrakələri, dözümləri o qədər azdır ki, əgər cənnətin libaslarından birini onlara göstərsələr, ona baxmağa taqətləri çatmayıb, bihuş olarlar. Halbuki, cənnət əhli üçün o libası geyinmək, ona baxmaq adi bir şeydir. Həqiqətdə, cənnətdə insanın qüdrəti, o cümlədən görmə, dərketmə qabiliyyəti həddən artıq çoxdur. Şüur və dərrakə sahibi olan insanın axirətdəki şüuru o həddə qədər yüksək olacaq ki, bəlkə də, dünyadakından milyon qat artıq olacaqdır. Orada hər şeyin həyatı var və həqiqətdə, həqiqi həyat oradadır.
Qiyamətin özünəməxsus fəzasında hər bir şey şüur və danışmaq qabiliyyətinə malikdir. Buna görə də, hətta ağac və daşlar belə danışacaqlar:
«Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)»1.
Təbiidir ki, hər şey həyata malik olarsa, hətta otlar, daşlar da danışarsa, insanlar da bu sırada olacaqlar və insanın bədən üzvləri ayrı-ayrılıqda dil açıb danışacaqdır. Bu cəhətinə görə cəhənnəmdə qulaqlar, gözlər, insanın dərisi onların gördükləri günahlara şəhadət verəcəklər. Onlar deyəcəklər:
Bizim əməllərimizə necə şəhadət verdiniz? Bədən üzvləri cavabında deyərlər: «…Hər şeyi dilə gətirən Allah bizi danışdırdı…»2.
Rəvayətin bu bölümündə cəhənnəm əzabı və cənnət nemətləri haqqında deyilənlər dünya miqyasları ilə ölçüyəgəlməzdir. Necə ola bilər ki, «ğislin» kimi bir maye o qədər üfunətli və yandırıcı olsun ki, yerin şərqində onun tökülməyi ilə yerin qərbində yaşayanların beyinləri qaynasın. Əlbəttə, elə düşünməyək ki, belə bir hadisənin olması imkansızdır. Allahın atom enerjisi kimi sıxılmış bir enerjini uranium kimi bəzi elementlərin daxilində yerləşdirməsi, hələ indi bəşər aləminə məlumdur. Əgər bu ünsürdən çox az miqdarda enerji ayrılarsa, elə güclü partlayış baş verir ki, bir şəhəri dağıdıb, altını üstünə çevirir! Bu hələ bu dünyada mövcud olan ünsürlərdən birinin dağıdıcı qüvvəsidir. İndi gör, o aləmin ünsürlərinin qüdrəti hansı dərəcədədir?! Bəlkə də, milyon dəfələrlə bu aləmdə mövcud olan ünsürlərin gücündən daha artıqdır. Belə olan surətdə bu ünsürlərin dağıdıcı gücü də bizim təsəvvür edə biləcəyimizdən qat-qat artıq olacaqdır. Deyilənlər bizim öz mövqeyimizi, dərəcəmizi tanımağımız üçündür. Bilməliyik ki, şüur və dərrakəmizin imkanlarının məhdud olduğu bu dünya üçün yaradılmamışıq. Bir dünyada onun ləzzətləri məhdud olarsa, həmin yerdə bizim şüur və dərrakəmiz də məhdud olacaqdır. Bilməliyik ki, dünyada olan hər bir şey axirət üçün müqəddimədir və axirətdə olan şeylərin solğun, zəif görüntüsüdür. Dünyanın xoşluqları axirətin xoşluqları ilə müqayisəedilməzdir. Dünyada çəkdiyimiz müsibət və bəlalar da axirətin əzabları qarşısında bir şey deyildir.
Dünya əzablarının axirət əzabları ilə müqayisə edilməsi və həmçinin, dünya ləzzətləri ilə axirət ləzzətləri arasındakı təfavütün göstərilməsi və onlar arasındakı geniş fasilənin üzə çıxması bais olur ki, hər kəs öz zehni qabiliyyəti, istedadı həddində özünün və yaşadığı aləmin axirət aləmi ilə müqayisədə nə dərəcədə məhdud və kiçik olduğunu dərk etsin; həmçinin, Yaradanın bərabərində yaradılış sisteminin olduqca cılız olduğunu təsəvvür edə bilsin. Bu müqayisənin nəticələrindən biri də, insanın təkəbbürdən, xudbinlikdən uzaqlaşıb, haqq qarşısında təvazökar olmasıdır. Əgər dünyada bir nemətə çatsa, qürurlanmasın və əgər bir nemətdən məhrum olsa, məyus olub həsrətini çəkməsin. Çünki bütün dünya nemətləri cənnətin bir almasına belə dəyməz. Buna görə də, dünya ürək bağlanası yer deyildir. Çalışıb, Allah peyğəmbərləri və övliyalarının bələdçiliyi ilə Yaradanın və qiyamətin əzəmətini anlamalı və öz mövqeyimizi tanımaqla xudpəsəndlikdən, qürurdan uzaq olmalıyıq.
Dostları ilə paylaş: |