ALLAHA İBADƏT VƏ BƏNDƏLİK, MÖMİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİDİR
Qeyd edək ki, insanlığın həqiqəti, özünü Allaha ibadət və bəndəlikdə büruzə verir. İnsan, ibadəti olmadan digər canlılardan heç bir üstünlüyə malik deyil. Belə olan halda, ancaq təkvini dərəcələrdən faydalanacaq və heç bir şeyin haqqını lazımınca ödəməyəcəkdir. Allaha ibadətdən üz döndərən şəxs, həqiqətdə, insanlığın kamal yollarını öz üzünə bağlamış olur. Çünki insanlığın zirvəsinə qalxmaq, yalnız bu yolla müyəssər olur.
Böyük insanların həyat tərzinə nəzər salsaq görərik ki, Allaha bəndəlik onların yaşayış qanunlarının ayrılmaz hissəsidir. «Kəlimullah», «xəlilullah» və «həbibullah» dərəcəsinə yüksələnlərin hamısı, məhz bu yolu başa vurmaq və bu yolun çətin, əzab-əziyyətli imtahanlarına sinə gərməklə yüksək məqamlara yüksəlmişlər. Hətta elə bir insan tapmaq olmaz ki, Allaha bəndəçilik etmədən, ixtiyari kamal dərəcələrindən birinə yüksəlmiş olsun. Yuxarıda deyilənlərdən başqa, «riza məqamı» və «yəqin» kimi dərəcələrə yüksəlişin sirrini Allaha bəndəçilikdə axtarmaq lazımdır. Allah-təala Quranda buyurur:
«Pərvərdigarına ibadət et ki, yəqin dərəcəsinə çatasan»1.
Və riza məqamı haqqında buyurur:
«Günəşin çıxmasından və batmasından əvvəl, qaranlıq gecənin müəyyən saatında və günorta yarısında Allahı zikr et ki, riza məqamına çatasan»1.
Xalqı Allaha doğru yönəltmək, onları ibadətə səsləmək və haqdan qeyrisinə pərəstiş etməkdən çəkindirmək bütün peyğəmbərlərin vəzifəsi olmuşdur:
«Hər ümmətə bir peyğəmbər göndərdik ki, onlara tək olan Allaha ibadət etməyi və qeyri-haqqa pərəstişdən çəkinməyi çatdırsınlar»2.
Quranın təkidlə vurğuladığı məsələlərdən biri də, bütün varlıqların istər-istəməz Allaha ibadət, bəndəçiliklə məşğul olmasıdır:
«Yerdə və göydə olan hər şey Allahı təsbih etməklə məşğuldurlar»3. Lakin bu cür bəndəçilik təkvini olub, insanın kamala çatmasında rol oynamır. İnsanın kamala çatması, onun öz ixtiyarı ilə Allaha bəndəçilik etməsindədir. Əgər belə olmasaydı, təkvini bəndəçilik yolu ilə, hətta dağlar, daşlar belə son kamal nöqtəsinə yüksələrdilər.
Allaha ibadətin əhəmiyyət və dəyərini bildirmək üçün Allah-təala Quranda insan və cinləri yaratmaqda son hədəfinin ibadət olduğunu bəyan etmişdir:
«Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım»4.
Bunlardan əlavə, pərəstiş hissi insanın fitri xüsusiyyətlərindəndir. Yəni ibadətə ehtiyac hissi insanın fitri istəyidir və biz millətlərin, dinlərin tarixinə nəzər yetirsək görəcəyik ki, tarix boyu elə bir millət, cəmiyyət tapmaq olmaz ki, onların arasında müəyyən bir ibadət və pərəstiş növü olmasın.
Dostları ilə paylaş: |