Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


QAFİL ALİMLƏ NADAN CAHİLİN TƏHLÜKƏSİ



Yüklə 1,68 Mb.
səhifə38/117
tarix10.01.2022
ölçüsü1,68 Mb.
#109728
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   117

QAFİL ALİMLƏ NADAN CAHİLİN TƏHLÜKƏSİ


Məşhur bir rəvayətdə Peyğəmbər (s) buyurur: «Mənim belimi qıran iki tayfa oldu: (Təqvasız) ipə-sapa yatmayan qafil alimlər və nadan cahillər»1.

İmam Xomeyni (r.ə.) buyururdu ki, özünü müqəddəs kimi qələmə verənlər həmişə çalışırlar ki, dini vəzifələrinə əməl etsinlər. Lakin bilik qazanmaq və düzgün məlumat əldə etmək kimi əsas vəzifələrini yaddan çıxarırlar. Bu cür dayaz fikir və cəhalətləri ilə meydana çıxır, üstəlik bu fikirlərində israr edib, başqalarını da bəyənmirlər. Bu tayfanın İslama vurduğu zərər, fasiqlərin vurduğu zərbədən daha ağırdır. Bu dəstə nə özləri bir yerə çıxa bilir, nə də başqalarını tərəqqi etməyə qoyurlar. İmam Sadiqin (ə) təbiri ilə desək, «Elmsiz və məlumatsız iş görmək istəyən, düzəltməkdən daha çox dağıdıb məhv edər»2.

Şərəfsiz alim elminə əməl etməsə də, xalq elminə görə ona ehtiram göstərib sözlərinə aldanar. Təqvasız olduğuna görə belə alimin İslama vurduğu zərbəni heç bir cahil vura bilməz. Buna görə də, nə vaxt söhbət təqvadan getsə, elmlə yanaşı olan təqva nəzərdə tutulur. Elm və təqva bir-birindən ayrı olsa, nəinki faydası olmayacaq, əksinə zərəri olacaqdır. Eləcə də elm və bilikdən söhbət gedəndə, məqsəd əməllə yanaşı olan elmdir. Çünki islamşünasın elmi olub əməli olmasa, yol kəsən quldurdur.

Allah-təala həzrət Davuda (ə) xitab edərək buyurur: «Ey Davud! Mənimlə özün arasında dünyaya aldanmış bir alimi vasitəçi seçmə ki, səni, Mənim məhəbbətim yolumdan xaric etməsin. (Bilirsənmi ki, onlar kimlərdir?) Onlar Allaha sığınmaq istəyən bəndələrin yolunda (pusquda) durmuş quldurlardır. Onların ən aşağı cəzası o olacaq ki, münacatlarımın şirinliyini ürəklərindən xaric edərəm»1.

Əməlsiz və dünyapərəst alim, gündüz vaxtı karvana hücum edən quldur kimidir. O, elmi olduğuna görə xalqı aldatmağı hamıdan yaxşı bacarır. Belə alimin dinə xeyri dəyməz. Ona görə də ehtiyatlı olmalıyıq ki, onların hiyləsinə aldanmayaq. Buna görə də, təqva və bilik birlikdə olanda faydalı olur, ayrı-ayrı fərdlərin və cəmiyyətin səadətinə xidmət edir. O insanlarla oturub-durmaq rəvadır ki, onlar təqvanın köməyi ilə özlərində Allaha itaət və bəndəçilik ruhunu gücləndirmiş və digər tərəfdən də dini elmlərinin təkmilləşməsinə səy göstərərək, dini maarifə yiyələnmişlər. Bu cür insanlarla həmsöhbət olmaq insanın kamal və fəzilətinin artmasına səbəb olar.

Düzdür ki, «fəqih» kəlməsi dini terminologiyada şəri hökmləri istinbat etmək qüdrəti olan alimlərə deyilir. Lakin Quranda və rəvayətlərdə göstərilən «fəqih» sözü dinşünas mənasındadır. «Fəqih» sözü dinşünas mənasından daha geniş məna kəsb edib həm şəri, həm etiqadi, həm də əxlaqi zəmində alim olan kəslərə aid edilir. Bəlkə də, əxlaqi və etiqadi məsələlərdə alim olanla həmsöhbət olmaq daha münasibdir.

Peyğəmbər (s) buyurur: «Elə ki, Allah dərgahının yolçusu olmağı qərara aldın və özünə münasib yoldaş tapdın, ehtiyatlı ol ki, günaha batmayasan. Əgər günaha batmış olsan, sənin yolun uğursuz və nəticəsiz olacaq və bu yolda çəkdiyin əziyyətlər, etdiyin ibadətlər səmərəsiz qalacaqdır».

İnsan elə-belə, məqsədsiz günahın dalınca düşmür. Yəqin ki, günahda bir ləzzət, şirinlik, cazibə var ki, insan da ona bulaşır. Düzdür, bu cazibələr xəyali və şeytani vəsvəsələrdir, lakin necə olsa da, insan günahda bir cazibə, şirinlik görür ki, ona meyl edir.

İnsan nə etsin ki, Allahın inayəti ona şamil olsun və günahdan özünü saxlaya bilsin, günahla üzləşəndə müqavimət göstərə bilsin.

Özünü günahdan gözləməyin ən yaxşı yollarından biri, günahın zərər və böyüklüyünü dərk etməkdir. İnsan günahın ötəri ləzzətlərinin doğurduğu xətər və ziyanı qabaqcadan görməli, həmçinin, günahın həm bu dünya, həm də axirəti bərbad etdiyini bilməlidir.

Möminin xüsusiyyətlərindən biri də, günaha olan xüsusi baxışıdır və bu baxış ona günaha mürtəkib olmasına mane olur. Mömin insan üçün günah hər zaman onun başına uça biləcək böyük bir daş kimidir. Bir balaca haqq yolunda ayağının büdrədiyini, günaha batdığını bilsə, nəticədə hansı cəzaya məruz qalacağından dəhşətə gəlir. Bu baxış onun düşüncəsinə elə təsir edir ki, daim vicdanını günah əleyhinə üsyana təhrik edir və bir vaxt günaha batmış olsa, üzrxahlıq edib tövbəyə üz tutur. Başının üstündə böyük bir daşın sallandığını görən adam kimi, daim onun başına uçacağı qorxusu ilə yaşayır. Yəni bu insanın ruhu o qədər pak olur ki, hər günahın qarşısında əks-təsir göstərir və daim öz nəfsini danlayıb, onu öz yerində oturtmağa çalışır. Bu mübarizədə, hətta yuxusuna, rahatlığına belə acılar çəkdirir.

Əksinə, öz fitrətini günaha bulaşdırmış kafir insan əsla günah qarşısında narahatlıq hissi keçirmir. Onun nəzərində günah burnunun üstündən uçub-keçən milçək kimidir. (Kafir deyəndə, məqsəd ancaq Allahı, qiyaməti inkar edənlər, həm də dinin zəruri məsələlərindən birini danan şəxs nəzərdə tutulur).

Quranın və rəvayətlərin nəzəri bir tərəfə, həm də psixoloji cəhətdən bu mövzu bir həqiqətdir ki, hər hansı xoşagəlməz bir işin təkrarı, onun pis olması fikrini aradan aparır və nəticədə, bu insana zövq verən bir işə çevrilir. Bu cür insan artıq günah etməkdən utanıb çəkinmir. Əgər bir günah daimi təkrarlanarsa, ona qarşı olan mənfi münasibətlər aradan gedir və daha bu günahdan utanmağa bir yer qalmır.

Buradaca insanın daha çox iman, yoxsa küfr xəttinə yaxın olmasını aşağıdakı kimi müəyyən etmək olar. İnsan günahla qarşılaşdığı zaman bunun müqabilində göstərdiyi əks-əməlin necə və hansı səviyyədə olmasını araşdırmalıdır. Əgər günahın (günaha batıb-batmamağın) onun üçün o qədər də əhəmiyyət daşımadığını və ona etina etmədiyini müşahidə edərsə, küfr yolunda addımladığını bilməlidir. Çünki günahdan peşmançılıq hissi duymaq, imandan gəlir və ona etinasız yanaşmaq isə küfrün məhsuludur. İmanın xarakterik cəhətlərindən biri budur ki, əgər şəhvət və qəzəb qüvvəsi üstələsə və insanı günaha batırsa, həmin şəxs fasiləsiz olaraq peşman olur. Əgər belə bir halı özümüzdə görməsək, qorxulu bir yolda addımladığımızı anlayıb, işin aqibətindən qorxmalıyıq.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin