Geniş şəbəkələr daha geniş coğrafi ərazi üçün nəzərdə tutulmuşdur. Bu ərazi bir bölgə, bir ölkə, hətta bütün dünyanı əhatə edə bilər. Ən böyük geniş şəbəkə, şübhəsiz, İnternetdir. Geniş şəbəkələrin əksəriyyəti iki və daha artıq yerli şəbəkədən ibarət olur və onlar bir-birinə yönləndiricilər vasitəsilə bağlanır. Belə şəbəkələrdə rabitə kanalı olaraq telefon sistemlərindən, rabitə peyklərindən, mikrodalğalardan, yaxud onların kombinasiyasından istifadə olunur. Geniş şəbəkənin iki variantı var:
intranet
ekstranet.
İntranet yalnız bir təşkilatın əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulur. Böyük biznes qurumlarının çoxunun müxtəlif ofisləri arasında daxili sənəd dövriyyəsi məqsədi ilə belə şəbəkələr qurulur.
Ekstranet şəbəkəsi intranetə bənzəyir, ancaq bu şəbəkədə təşkilatdan kənar xüsusi şəxslərə daxili informasiya sistemindən istifadə etməyə icazə verilir. İnternet kimi, intranet və ekstranet şəbəkələrində də veb texnologiyalarından istifadə olunur.