27.07.2012.
İsrailin 220 saytı dağıdılıb, ABŞ-a isə xəbərdarlıq edilib.
İran ABŞ-ın kiber hücumlarına çox sərt şəkildə cavab verəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Kiber bölməsi açıqlayıb.
Məlumatda bildirilir ki, ABŞ İrana qarşı kiber hücumlarını davam etdirəcəyi təqdirdə, Vaşinqton kompensasiyası mümkün olmayan nəticələrlə üzləşəcək: “ABŞ İranın nüvə obyektlərinə qarşı kiber hücumlarını davam etdirərsə, İran qətiyyətlə onları peşman edəcək. ABŞ-ın təhdidə qarşı təhdid doktrinasını ciddi olaraq ələ alması lazımdır. Çünki İran hərbi baxımdan çox güclüdür və düşmənlərinin hər cür macəraçılığına qarşı qəti cavab verəcək”.
Bu arada, iranlı hakerlər ölkənin nüvə alimi Daryuş Rezayinejada qarşı terror həyata keçirildiyi günün ildönümündə İsrail saytlarına hücum ediblər və 220 saytı dağıdıblar. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.
Məlumata əsasən, özlərini Ditakadrz qrupu adlandıran hakerlər iddia edirlər ki, dağıdılmış saytların içərisində İsrail təhlükəsizlik qüvvələrinin təlim mərkəzinin və İsraildə plastik kartlar xidməti göstərən bir maliyyə müəssisəsinin saytları da var.
Onlar, həmçinin iddia edirlər ki, 220 saytdan başqa, İsraildə müxtəlif saytlara server xidməti göstərən saytı da dağıdıblar. Məlumatda dağıdılmış saytların adları göstərilməyib (İran kibersavaşa başladı.., 2012).
Dostları ilə paylaş: |