AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR
Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası
I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.
III. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də ikinci səsvermədən sonra bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
IV. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir.
V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
Maddə 157. Azərbaycan Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər.
Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
Bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.
Dostları ilə paylaş: |