Faner üç və daha çox soyulmuş şpon qatının qarşılıqlı perpendikulyar (çalın-çarpaz) istiqamətdə yapışdırılması nəticəsində alınan laylı materialdır. Faner layları mərkəzi qata nisbətən simmetrik olur. Adətən, fanerdə laylar tək sayda olur. İstismar əlamətlərinə görə faner aşağıdakılara ayrılır: ümumi təyinatlı faner, inşaat faneri, bakelit faner, üzlənmiş faner, armaturlu faner, profilli faner.
Ümumi təyinatlı faner mebel, tara istehsalında, inşaatda və digər sahələrdə istifadə olunur. Faner tək və cüt sayda olur. Tək sayda fanerdə layların liflərinin istiqaməti qonşu laya nisbətən perpendikulyar olur. Yəni çalın çarpaz olur. Cüt sayda fanerdə mərkəzdəki iki layın liflərinin istiqaməti bir-birinə paralel, qalan layların liflərinin istiqaməti isə mərkəzi layların liflərinin istiqamətinə perpendikulyar olur.
Aviasiya faneri yüksək keyfiyyətli toz ağacı şponundan hazırlanır. Uçan yüngül cihazların, musiqi alətlərinin və s. istehsalında istifadə olunur.
Bakelit faneri əvvəlcədən fenolformaldehid qətranı ilə hopdurulmuş toz ağacı şponunun yüksək təzyiq altında yapışdırılması nəticəsində alınır.
Dekorativ fanerin bir və ya iki səthi üzlənmiş olur. Üzlük material kimi yonulmuş şpon, dekorativ kağız istifadə olunur. Bu faner binaların iç işlərində, mebel istehsalında, vaqon və gəmiqayırmada istifadə olunur.
Faner tavaları 7 və daha çox soyulmuş şpon layından hazırlanan tavadır. Fenolformaldehid və karbamidformaldehid qətranları ilə hazırlanır.
Xarrat tavaları hər iki tərəfinə ikiqat soyulmuş şpon yapışdırılmış reykalarda hazırlanmış lövhələrdən ibarətdir.
Laminat sintetik qətran örtüklü xüsusi tavadır. Bu tavalar nəmlik və temperatur təsirlərinə qarşı yüksək dayanıqlıdır. Laminat tavaların səthləri mexaniki zədələrə qarşı dayanıqlıdır və cızılmır.
MDF qurudulmuş ağac liflərinin sintetik yapışqanlarla qarışdırılaraq isti preslənməsi nəticəsində alınır.