Ağac yonqar tavaları oduncaq hissəciklərinin yapışdırıcılarla isti preslənməsi nəticəsində alınır. AYT mebel istehsalında, inşaatda və digər sahələrdə istifadə olunur.
Fiziki-mexaniki göstəricilərinə görə tavalar П-А və П-Б markalarda olur. П-А markalı tavaların keyfiyyət göstəriciləri П-Б markalı tavaların keyfiyyət göstəricilərindən yüksəkdir. Səthinin keyfiyyətinə görə AYT 1-ci və 2-ci növdə olur. Tavaların istehsalında karbamidformaldehid, çox hallarda fenolformaldehid yapışqanları istifadə olunur.
Ağac yonqar tavaları təkqatlı və çoxqatlı olur. Bunlar bir birindən oduncaq hissəciklərinin ölçülərinə görə fərqlənirlər.
Mebel istehsalında ağac yonqar tavaları üzlənmiş şəkildə istifadə olunur. Belə tavalar mühitə ayrılan formaldehidin miqdarının azaldılmasına imkan verir.
Ağac lifli tavaları.
Ağac lifli tavalar ağac liflərinin isti preslənməsi nəticəsində alınan materialdır. Ağac lifləri xammalın buxarla emalı və xırdalanması nəticəsində alınır. ALT-ın sənaye istehsalına 1922-ci ildə ABŞ-da başlanılıb.
Sıxlığından və əyilmədə möhkəmlik həddindən asılı olaraq ALT-lar aşağıdakı markalarda olur: yumşaq - M-4; M-12; M-20; yarıbərk - ПТ-100; bərk-Е-350; Е-400; yüksək bərk-СТ-500.
Texniki xassələrinə görə ALT-lar bioloji təsirlərə, oda və nəmliyə qarşı dayanıqlıdır. Tavaların səthi bir tərəfdən və ya hər iki tərəfdən hamar olur.
MDF tavaları.
MDF-in sənaye şəklində istehsalına 1966-cı ildən ABŞ-da başlanılıb. MDF ingilis dilində “Medium Density Fibreobard” adlandırılır. Bunun mənası orta sıxlıqlı lifli örtük deməkdir. MDF tavalar mebel istehsalı üçün nəzərdə tutulub.
MDF qurudulmuş ağac liflərinin sintetik yapışqanlarla qarışdırılaraq isti preslənməsi nəticəsində alınır.
MDF tavaları mətbəx buxarına qarşı daha yaxşı dayanıqlıdır. Yəni buxarın təsirindən şişmir və əyilmir. Buna görə də mətbəx mebelinin istehsalında geniş istifadə olunur.
Yüksək mexaniki təsirlərə qarşı dayanıqlığına görə MDF mebellərin fasad elementlərinin hazırlanması zamanı istifadə olunur. MDF tavaların səthində müxtəlif ornament və naxışlar vermək mümkündür.