19.03.2014
Dərdindən halı olaydım
Gəldim ki, dərdindən halı olaydım,
Halının üstünə mən də qonaydım.
Olmasa, dərdimi səninlə bölüb,
Əlimlə qoparıb, özüm yolaydım.
27.03.2014
Görən niyə?
Görən niyə mən körpəyə dönmüşəm?
Anam ölüb, ondan qabaq ölmüşəm.
Duymaz idim nədir belə yetimlik,
Varlığımı tək anamla bölmüşəm.
29.04.2014, saat 19:00
Anam dururdu
Doqquz aydır özümü
Körpə hesab etmirəm.
Axı, anam dururdu,
Ta dəcəllik etmirəm.
29.04.2014, saat 10:30
Təki anam duraydı
Təki anam duraydı,
O, da sağlam olaydı.
Mən öləydim, itəydim,
O saralıb, solaydı.
29.04.2014, saat 20:15
“Ana” poemasından
Hamı bu gün anasına pay edir,
Qərib qalıb həm özüm, həm sözlərim.
Qələm-kağız gözlərimin suyundan,
Heç olmasa, bir parça şer göndərim.
Şirin-şirin yat, anam,
Yuxuna bal qat, anam.
Bu dünya əzabını
O dünyada at, anam.
08.03.2014
Dünyada
Durna kimi seyr edərdim havada,
Anam öldü, yetim qaldım dünyada.
Dəyəri heç lazım deyil həyatın,
Kimsəsizəm yad eldə, yad yuvada.
Fərz edərdim bütün dünya mənimdir,
Azərbaycan yaşayış məskənimdir.
Anam yoxsa, dünya mənim nəyimdir?
Heç nəyim yox saxta fəna dünyada.
Sabir Binnət qəm-kədərdən yaralı,
Düşüb Vətən, yurd-yuvadan aralı.
Hanı Göyçə, hanı Göyçə maralı?
Bədbəxt gəlib, yesir qaldım dünyada.
Dostları ilə paylaş: |