25.03.2014
Allaha məktub yazmaq istəyirəm
Allaha məktub yazmaq istəyirəm...
Tutub yer üzünü oğrac-gədələr.
Əzir camaatı yersiz hədələr,
Aldadır milləti saxta vədələr,
De görüm, ay Allah, xəbərin varmı?
Ölkəmi bürüyüb tülkü-tülüngü,
Haqq təpəsindədir nahaqq külüngü.
Dünəni bilinməz, bəydi bu günkü,
Millət yaman yatıb, basıbdı bürkü,
De görüm, ay Allah, xəbərin varmı?
Madəm bəndənəmsə, eşit, duy məni,
Mən də istəyirəm xoş gün görməni.
Kef edir elimdə yağı, erməni,
Üstümə şığıyır haqqın düşməni,
De görüm, ay Allah, xəbərin varmı?
Sabir Binnət deyər, mən bir dərvişəm,
Bu fəna dünyadan kədər dərmişəm,
Haqsıza, qansıza sinə gərmişəm.
Millətin dərdinə qəhərlənmişəm,
De görüm, ay Allah, xəbərin varmı?
Dostları ilə paylaş: |