Kredit bataqlığı



Yüklə 12.11 Kb.
tarix20.01.2017
ölçüsü12.11 Kb.
Kredit bataqlığı
“Bataqlıq qorxunc yerdir, ora düşdün, xilas olmaq çətindir. Bir balaca ehtiyatsızlıq kifayətdir ki, səni yavaş-yavaş udsun. Hətta sənə kömək əli uzadanı da çəkib özünlə dibə aparırsan. Bu gün kredit götürən insanlar həmin bataqlığa düşmüş insana bənzəyir. Bu ölkədə kredit adlı böyük bir bataqlıq yaranıb və getdikcə də hamını ağuşuna alır. Ailələr dağılır, insanlar işini itirir, evləri əllərində çıxır. Proses bu sürətlə davam edərsə, insanlar ailəsini dolandırmaq üçün yox, bankların kreditini qaytar üçün işləyəcəklər. Bu, çox acınacaqlı vəziyyətdir. Buna görə də Milli Məclis və Mərkəzi Bankın timsalında hökumət təcili tədbirlər görməlidir. Əks halda arzuolunmaz halların baş verməsi qaçılmazdır”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlamasında bildirib.
“Bu gün krediti olmayan insan tapmaq çətindir. Elələri var ki 2-3 bankda adına kredit xətti açılıb. Ümumiyyətlə, ölkə üzrə 1,5 milyondan çox vətəndaş kredit müştərisidir. Ölkədə muzdlu işçilərin sayı 1,4 milyon, iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdir. Belə çıxır ki, rəsmi əmək haqqı alanların hamısı, iqtisadi fəal əhalinin isə hər 3 nəfərdən biri bank müştərisidir. Kreditin alanların sayı durmadan artır. Bir bankın borcunu ödəyə bilməyən müştəri ikinci bankdan aldığı kredit hesabına borcunu bağlayır. Daha sonra 3-cü və 4-cü banka müraciət etmək məcburiyyətində qalır. Beləliklə də proses zəncirvari xarakter alır. Bu da mümkün olmadıqda, xüsusən də kredit tarixçəsi pisləşəndə yaxın qohumlarını və ya dost-tanışlarını bu işə cəlb edir. Bununla da özünün düşdüyü bataqlığa ətrafındakıları da çəkir.”, - deyə ekspert bildirib.
Ekspertə görə, vəziyyətin bu həddə çatmasında əhalinin imkansızlığı əsas rol oynasa da problemin kökündə əslində onların savadsızlığı durur: “Gəlirləri aşağı olan insanlar kreditə son ümid yeri kimi baxırlar. Onlar banklara biznes qurmaq, fermer təsərrüfatını genişləndirmək üçün yox, cari problemləri həll etmək üçün müraciət edirlər. Məsələn, sağlamlığında ciddi problem var və əməliyyat olunmalıdır, bunun üçün böyük həcmdə pul tələb olunur. Bankdan kredit götürməklə həmin problemi həll edir. Xüsusən də təcili pul lazım olduqda kreditin şərtlərinin ağırlığına diqqət yetirmir. Sonradan aldığı vəsaiti qaytarmağa çətinlik çəkir. Bu işdə savadsızlıqdan qaynaqlanan məsuliyyətsizlik də rol oynayır. Ödəniş vaxtına riyaət etmirlər və buna görə əlavə faiz hesablanır. Nəticədə kiçik vəsait ödənilməsi mümkün olmayan böyük borca çevrilir”
S.Əliyevin fikrincə, kredit təşkilatları, xüsusən də istehlak krediti üzrə ixtisaslaşan banklar əhalinin savadsızlığından, məlumatsızlığından sui-istifadə edərək öz kommersiya maraqlarını təmin edirlər. “Təəssüf ki, banklar kreditə ehtiyacı olan şəxsləri cəlb etmək üçün müxtəlif fəndlərdən istifadə edirlər. Banklar öz reklam çarxlarında əhaliyə düzgün olmayan və ya natamam məlumatlar verirlər. Yüksək komisyon haqlarından və faizlərdən, habelə cərimələrdə xəbərsiz müştəri reklamın toruna düşür. Son vaxtlar geniş yayılmış taksit kartlar daha çox baş ağrısına çevrilib. Kartlar vasitəsilə alış-veriş edən müştərilər xərclənmiş pulun qaytarılmalı olmasını fərqinə varmırlar. Heç banklar da saytlarında ödənilməyən pula görə cərimələr barədə məlumat yerləşdirməyə həvəs göstərmirlər. Nəticədə faizlər şirir və insanlar kartların girovuna çevrilirlər”.
Diqqəti vəziyyətin ağırlığına yönəldən ekspert hesab edir ki, qanunverici orqan olan Milli Məclis və bankların fəaliyyətinə nəzarəti həyata keçirən Mərkəzi Bankın bu işdə zəruri addımlar atmalı olduqlarını vurğulayıb: “Müştərilərin hüquqları addımbaşı pozulur. Banklar tərəfində mücərrəd faizlər hesablanır və bu faizlərin düzgünlüyü şübhə doğurur. Müqavilə şərtlərini istədikləri kimi tərtib edirlər. Müştərilərə dolğun məlumat verilmir. Nəticədə insanlar götürdükləri puldan dəfələrlə çox pul qaytarmalı olurlar. Qohum-əqraba narahat edilir, iş yerlərinə zəng vurulur və s. Belə halların qarşısını almaq məqsədilə bank müştərilərinin hüquqlarının qorunmasının qanunvericilik əsasları yaradılmalıdır. Yaxşı olardı millət vəkilləri qanunvericilik təşəbbüsü göstərərək “İstehlak kreditləri haqqında” qanun qəbulunu gündəmə gətirsin. Çünki mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan  kənarda qalıb. İstehlakçıların hüquqlarını qoruyan yeganə hüquqi akt - ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbləri bank müştərilərinə şamil edilmir. Mərkəzi Bank “İstehlak kreditləri haqqında” qanun layihəsinin işlənməsində yaxından iştirak etməklə yanaşı bankların reklam siyasətinə nəzarəti gücləndirməlidir.
Ekspert sonda qeyd etdi ki, nə qədər ki, kreditlər üzrə faiz dərəcələri indiki kimi 20-40% civarındadır insanlar kredit bataqlığında çox qalmalı olacaqlar.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə