I Ailə tərbiyəsinin əsasları.
Ailə - cəmiyyətin tarixən yaranmış ən kiçik, ən intim hissəsidir. Ailə - insan şəxsiyyəti formalaşmasının ilkin özəyidir.
Ailə - iki mənada başa düşülür:
ər, arvad və uşaqlar – dar mənada ailə;
ata, ana, uşaqlar, baba, nənə, bəzən hətta əmi, bibinin daxil olduğu geniş mənada ailə.
Azərbaycan türklərində, ailədə olduğu qədər olmasa da, çox sıx qohumluq münasibətlərini saxlayan “nəsil” anlayışı da mövcuddur. Xalq arasında “yeddi arxa dönən” adlanan nəslin quruluşu bu cürdür:
Uşaqların düzgün tərbiyəsi üçün ailənin çox böyük imkanları vardır. Əxlaq normalarının mənimsənilməsi, birgə əmək vərdişləri formalaşdırılması, ətraf aləmə münasibət ilk dəfə ailədən başlayır. Valideynlərin mədəni səviyyəsi, əxlaqi görüşləri, sosial ünsiyyət təcrübələri böyüyən nəslin inkişafında həlledici rol oynaya bilir.
Ailə tərbiyəsində ailə üzvlərinin qarşılıqlı münasibəti mühüm rol oynayır. Uşaqların tərbiyəsi üçün məsuliyyət daşıyan ailə üzvləri baba, nənə, ata, anadır.
Baba . Azərbaycan türklərində ata və ananın atasına “baba (və ya “dədə”)”, babanın atasına “böyük baba”, böyük babanın atasına “ulu baba”, ulu babadan sonrakılara isə sıra sayı ilə - “dördüncü baba”, “beşinci baba” və b.k. deyirlər . Baba uşaqlardan ötrü, hər şeydən əvvəl, öz şəxsi nümunəsi ilə, gündəlik həyatda davranışı, nəslə-tayfaya başçılığı ilə tərbiyəçidir. Uşaq gözünü açandan babanı el ağsaqqalı kimi görür. Hamının ona hörmət etdiyinin, onun bir sözünün, hətta atanın yanında belə, iki olmadığının şahidi olur. Babalar ağsaqqal kimi ən çətin problemlərin həllində iştirak edir, onların bir sözü ilə adamlar arasında hətta qan davası belə kəsilir. Bizim eldə “Ağsaqqal olan yerdə xeyir-bərəkət olar”, “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” demişlər.
Uşaqların babadan əxz etdiyi əsas əxlaqi keyfiyyətlərdən biri təmkindir. Baba ailənin işinə hər dəqiqə qarışmır, atanın başçı roluna toxunmur. Kiçik uşaqlar öz sonsuz sualları ilə atadan daha çox babaya müraciət edirlər. Bu suallar babanın səbrini, təmkinini pozmur. Uşaq babanın özünəməxsus uca mövqeyini saxlaya bilməyinin sirrinin təmkinlikdə olduğunu görür. Uşaqların babada qiymətləndirdikləri əsas keyfiyyət isə nəvələrə olan diqqət və mehribanlıqdır. Babanın nəvəsinə olan məhəbbəti çox vaxt öz oğluna olan məhəbbətindən artıq olur.
Babanın tərbiyə işində ən böyük rolu isə onun ata ilə münasibətinin uşaqlara tərbiyəvi təsiridir. Məhz bu münasibət uşaqlarda böyük-kiçik anlayışı yaranmasının əsasını qoyur. Azərbaycan türklərinin ən mühüm əxlaqi keyfiyyətlərindən biri böyüyə hörmətdir. Tarixin məhək daşında yoxlanmış atalar sözləri dediklərimizi bir daha sübut edir:
Böyük danışanı kiçik götürər.
Böyük olan yerdə kiçik danışmaz.
Böyüyün üzünə ağ olanı torpaq götürməz.
Böyük sözünə baxmayan böyürə-böyürə qalar.
Böyüyə hörmət elə, sən də böyüyəcəksən.
Böyüksüz evdə xeyir – bərəkət olmaz.
Böyüyün böyük yeri var, kiçiyin kiçik.
Bərəkət harda var? Böyük olan yerdə!
Yol böyüyündür, su – kiçiyin və s.
Nənə. İstər atanın, istərsə də ananın anasına uşaqlar “nənə” deyərlər. Nənə - ailənin “ağbirçək” böyüyüdür. Tayfanın qorunmasında, başqa tayfalarla əlaqəsində, qürur, şərəf və ləyaqətinin saxlanmasında babanın – “ağsaqqalın” rolu nə qədərdirsə, tayfadaxili münasibətlərin açıq və örtülü şəkildə nizamlanmasında, tayfa üzvləri arasında birliyin qorunub saxlanmasında, çox zaman hətta tayfa iqtisadiyyatının səmərəli təşkilində, abır, həya, ismət kimi məsələlərdə nənənin – “ağbirçəyin” rolu bir o qədərdir. Bəzən qeyzli – qəzəbli, ötkəm tayfa başçısının qızğın, qorxulu qərarını, fərmanını ağbirçək nənənin yumşaq, həlim xasiyyəti ilə, ustalıqla düşünülmüş yanaşma tərzi ilə dəyişmək, yumşaltmaq mümkün olur. Bəzən tayfa başçılarının, böyük siyasətçilərin aradan qaldıra bilmədiyi münaqişəni ağbirçək örpəyi həll edir.
Uşaqların gözündə isə nənə son dərəcə mehriban, bütün istəkləri həyata keçirən, nəvələrinin hər cür nazı ilə oynayan, çoxlu nağıllar, nəğmələr, tapmacalar, oyunlar söyləyən bir adamdır. Nənələr folklor nümunələrinin canlı daşıyıcıları, xalq tərbiyəsini bilavasitə təşkil edib həyat keçirən praktik el müəllimləridir
Ata. Ailə tərbiyəsinin bilavasitə təşkilatçıları və bu iş üçün cəmiyyət qarşısında məsuliyyət daşıyan əsas şəxslər ata və anadır. Ailənin adı-sanı, şərəfi, el-oba içərisində mövqeyi ata-anadan, onların bir-birinə, uşaqlarına və başqalarına olan münasibətindən asılıdır.
Ailədə atanın yeri çox yüksəkdir. Azərbaycanda hər bir türk müqəddəs kəlamlardakı valideynlərə aid bu ifadələrə əməl etməyə məcburdur:
Ataya itaət, Allaha itaətdir.
Atanın üzünə ağ olmaq, Allahın üzünə ağ olmaqdır.
Behişt anaların ayağı altındadır.
Ən rahat qapıdan behiştə getmək istəyən şəxs öz valideyninin rəğbətini qazanmalıdır və s.
Ailə tərbiyəsinin müvəffəqiyyəti xeyli dərəcədə atanın nüfuzundan asılıdır. Ata ilə övladlar arasında çox möhkəm bir mənəvi pərdə olur. Övlad üçün pərdənin arxası bir sirr olaraq qaldığından, o, atanı qüdrətli, hər şeyə qadir, hamıdan güclü bir adam sayır. Məhz belə abır – həya pərdəsinin olması sayəsində övlad atanın imkanlarının, qabiliyyətinin bitib – tükənməyəcəyi qənaətinə gəlir.
Ata nüfuzunun qazanılmasının, qorunub saxlanmasının isə müxtəlif yolları vardır:
Əvvələn, ata övladları ilə tez-tez təmasda olub, onlara “əxlaq dərsi”, uzun-uzadı, yorucu, usandırıcı nəsihətlər vermir; bunu daha çox öz davranışı ilə təlqin edir, hikmətli məsələlər, atalar sözləri, rəvayətlərlə çatdırır.
Dostları ilə paylaş: |