İkincisi, ata hər cür kiçik xətaya görə övladını uzun-uzadı danlamır, ona səhvini eyhamla anladır və ya anası vasitəsilə çatdırır. Şərqin çox böyük mütəfəkkiri, XIII əsrdə yaşayıb-yaratmış Xacə Nəsirəddin Tusi “Əxlaqi - Nasiri” adlı əsərində övlad saxlayıb tərbiyə edən ataya müraciətlə yazırdı: “Çox danışmağı adət edib, hər şeyi qadağan etməkdən çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb, həmən işi bir də görməyə sövq edər:...nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını nəzərə çatdırmaq xatirinə bəd əməllərə başlayar, bəlkə daha incə hiylələrə əl atar!”.
Üçüncüsü, uşaqların yaşına və gücünə müvafiq tələblər verib, onların icrasını nəzarətdə saxlayıb və hökmən nəticələri yoxlayırlar. Yoxlanmış nəticə mütləq qiymətləndirilir. Yaxşı hərəkət məhəbbət və şəfqətlə təriflənir, pis hərəkət isə əgər ikinci dəfə təkrar edilibsə, şiddətli tənbeh edilir.
Dördüncüsü, atanın şəxsi nümunəsidir. Uşaqlar daim hiss edirlər ki, ata özündən böyüklərə necə hörmət edir? Düzgün danışıb, hər şeyi olduğu kimi söyləyirmi? Öz sözünün üstündə durur, dediyinə əməl edirmi? Bağışlamağı bacarırmı? və s.
Ana - dünyada ən doğma insandır. Azərbaycan türklərində belə bir deyim var: “Dünyada atadan qüdrətli, anadan doğma, bacıdan mehriban, qardaşdan möhkəm dayaq heç kəs ola bilməz”. Bundan başqa, “Uşaqların böyüməsində ola bilər ki, kimsə ata kimi hərəkət edə bilsin, amma ananı əvəz etmək mümkün deyil”. “Uşaq atadan yox, anadan yetim qalır” demişlər.
Hər şeydən əvvəl, ana hər bir hərəkəti, gündəlik davranışı ilə atanın nüfuzunu qoruyub saxlamağa çalışır. Bundan ötrü onun uşaqlara verdiyi tələblərlə atanın verdiyi tələblər üst-üstə düşməlidir. Uşağın hər bir ciddi hərəkəti barədə ataya hesabat versə də, övladının kiçik şıltaqlıqlarını bəzən, guya, gizlədir, bəzən özünü bilməzliyə vurur. Uşaqlar ailədə hər kəsin mövqeyini, münasibətlərin qorunub saxlanmasını da bilavasitə məhz anadan öyrənirlər.
Ailədə ata-ananın yeri, rolu haqqında etnopedaqoji nümunələrin sayı – hesabı yoxdur. Biz burada müdriklik xəzinəsi olan atalar sözlərindən bəzisinə müraciət edək:
Ata –ananın sözünə baxan “neyləyim?” deməz.
Ata-ana sözünə baxmayan külxanada yatar.
Ata malına göz dikən mal-davarsız qalar.
Ata çörəyi – meydan çörəyi, oğul çörəyi – zindan çörəyi!
Atalar sözü “Qurana” girməz, amma “Quran”ın yanınca gedər.
Atanın duası, ananın ahı.
Ana qızına taxt verər, ata qızına baxt.
Dostları ilə paylaş: |