II Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu.
Şəxsiyyətin inkişafında rol oynayan bioloji və sosial amillərə aşağıdakı anlayışlar aiddir:
irsiyyət;
mühit;
tərbiyə.
İrsiyyət – genlər vasitəsilə valideynlərdən uşaqlarına keçən keyfiyyətlərdir. İrsiyyət – ümumi və xüsusi səciyyə daşıyır.
irsiyyətin ümumi səciyyəsi insanın insan növünün nümayəndəsi kimi doğulmasını təmin etməsidir;
irsiyyətin xüsusi səciyyəsi – uşağın xarici (bədən quruluşu, dərinin, gözün, tüklərin rəngi və s.) və daxili (qan qrupu, xəstəliklərə meyllilik, sinir sistemi xüsusiyyətləri və s.) əlamətlərinə görə valideynlərinə oxşamasını təmin etməsidir.
Şəxsiyyətin inkişafı haqda çoxsaylı tədqiqatlar sübut edir ki, hazır qabiliyyətlər yox, təbii imkanlar irsən keçir. Bütün normal insanlar potensial imkanlarla doğulurlar. Bu irsi potensialın konkret qabiliyyətlərə çevrilməsi üçün isə müvafiq şərtlərin: həyat şəraiti, tərbiyə, insanın özünün və cəmiyyətin tələblərinin təmin edilməsi zəruridir.
Şəxsiyyətin inkişafına təsir göstərən mühüm amillərdən biri də mühitdir. Mühit – insanın bioloji varlıq və şəxsiyyət kimi qarşılıqlı əlaqədə olduğu ətraf təsirlərin birliyidir. “Mühit” analyışını dar və geniş mənada başa düşmək olar.