Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
Fakultə: Uçot-İqtisad
Kurs: I
Qrup: 480
Tələbə: Kürdədehli Simran
Sərbəst iş No:4
Fənn: İqtisadi İnformatika
Mövzu:İqtisadi informasiyanın xüsusiyyətləri
Bakı-2014
İqtisadi informasiyanın xüsusiyyətləri.
İnformasiya – latın sözü olub, baş vermiş hadisə və ya fakt haqqında məlumat vermək mənasını daşıyır. İnformasiya ətraf mühitin obyektləri və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. İnformatikada bu xəbərlər verilənlər də adlanır.
İnformasiya insana onun hissi qavrayışları və təsəvvürləri sayəsində çatır. İnformasiya bütün hallarda mənbə və istehlakçının (qəbul edənin) mövcudluğunu nəzərdə tutur.
Bir çox hallarda məlumat və informasiya anlayışları eyniləşdirilir. Doğrudan da, əksər hallarda onların məna yükü eynidir. Bununla belə, məlumat və informasiya anlayışlarını bütün hallarda eyniləşdirmək düzgün deyildir. Belə ki, məlumat informasiyaya nəzərən daha geniş anlayışdır. Başqa sözlə, hər bir informasiya məlumat olduğu halda, hər bir məlumat informasiya deyildir. İnformasiya məlumata nəzərən, daha yığcam, konkret və mükəmməl olub, çevrilmə obyektidir. “Sözün geniş mənasında informasiya dedikdə saxlanma, ötürülmə və çevrilmə obyekti olan məlumat başa düşülür”.(F.D.Fesenko)
İnformasiya kibernetikanın əsas anlayışlarından biridir və ona yalnız kəmiyyət nöqteyi nəzərindən tərif verilir. “Hadisə baş verincəyə qədərki biliyimizlə, hadisədən sonrakı biliyimizin fərqi informasiyasıdır”. (L.Brillyüen).
İqtisadi informasiyanın təməlində transaksiya məlumatları durur. Transaksiya – təsərrüfat həyatının müəyyən faktıdır. Həmin faktı əks etdirən məlumatlar transaksiya məlumatları adlanır. Transaksiya məlumatlarının işlənməsi nəticəsində transaksiya informasiyası və analitik informasiya yaranır. Transaksiyaya misal olaraq hazır məhsulun alqı-satqısına dair müqavilə göstərilə bilər. Bu zaman həmin müqaviləni həyata keçirmək üçün lazım olan bütün məlumatlar, yəni, satıcı və alıcı rekvizitləri, satış üzrə müqavilə, marketinq məlumatları və s. transaksiya informasiyası kimi çıxış edir. Transaksiya informasiyasının əsas xüsusiyyəti ikili yazılışdır. Yəni hər bir fakt iki dəfə qeyd edilir: bir təsərrüfat uçotunda (mənbə kimi), bir də əmlak və ya məhsulun istifadə istiqaməti (ünvan) kimi. Məsələn, Baş mühasibat Kitabındakı yazılış xalis transaksiya informasiyasıdır.
Transaksiya məlumatlarının ümumiləşdirilməsi nəticəsində analitik informasiya meydana çıxır. Analitik informasiyanın ən kiçik vahidi göstəricidir. Göstərici əsas və əlamət rekvizitlərindən təşkil edilir. Əsas rekvizit sintaksis, əlamət rekvizit isə semantik aspekti ifadə edir. Göstərici əlamətlərini konkretləşdirən əlamətlər çoxluğuna identifikator deyilir.
İqtisadi informasiyanın mühüm xüsusiyyətlərindən biri də asimmetriyadır. Belə ki, məsələn, müqavilə bağlayan tərəflər müqavilənin predmeti və şərtləri barədə heç bir zaman eyni informasiyaya malik olmurlar. Bu, obyektiv xassədir. Çünki, müqavilə şərtlərini hər tərəf öz anladığı kimi yozur. Məsələn, qiymətli kağız bazarında satıcı satışı, alıcı isə alışı faydalı hesab edərək alqı-satqı münasibətinə girir.
Kürdədehli Simran, Uçot-İqtisad, Qrup 480
Dostları ilə paylaş: |