P.4.Yekun (summativ) qiymətləndirmə.Summativ (yekun) qiymətləndirmə müəyyən vaxt üçün bölmə və tədris vahidinin öyrənilməsi başa çatdıqda bilik, bacarıq, vərdiş və səriştələrin formalaşması səviyyəsinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur.
Summativ qiymətləndirmənin məqsədi-müəyyən vaxt üçün şagirdlərdə biliklərin mənimsənilməsi, bacarıq və səriştələrin formalaşma səviyyəsinin təsdiq edilməsi, əldə edilən nəticələrin standartın tələblərinə uyğun olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir.Summativ qiymətləndirmənin mövcud təcrübəsi yoxlama işlərinin müxtəlif növlərinin həyata keçirilməsini nəzərdə tutur. Yoxlama tapşırıqlarının sualları dövlət təhsil standartları və tədris proqramlarının (fənn kurikulumlarının) təlim məzmunu əsasında tərtib edilir.
Şagird nailiyyətləri səviyyəsinin yoxlanılması məqsədilə müəllimlər adətən sual və testlərin müxtəlif variantlarından istifadə edir, dərsliklərdə fəsil və bölmələrin sonunda verilən suallardan yararlanırlar. Bununla yanaşı, müəllim əlavə mənbə və şəxsi təcrübədən istifadə edərək özü də müstəqil şəkildə tapşırıq və suallar işləyib hazırlaya bilər. Yoxlama işi üçün tərtib olunan tapşırıqlarda fakt və ya materialın yadda saxlanılması ilə yanaşı yüksək səviyyəli bacarıqların formalaşması da müstləq şəkildə nəzərdə tutulmalıdır.
Summativ qiymətləndirmə yoxlama işinin (test, yoxlama, laborator, tədiqiqat işlərinin, inşaların, esselərin, layihənin, şifahi təqdimatların və s) müxtəlif növünün yerinə yetirmə nəticələri üzrə keçirilir. Yoxlama işinə görə qoyulan qiymət yekun qiymətin müəyyənləşdirilməsi üçün əsasdır.
Summativ qiymətləndirmə kiçik summativ, böyük summativ və yekun qiymətləndirmədən ibarətdir.
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, qiymətləndirmə standartlarına əsasən hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək üçün aparılır.
Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin tətbiqetmə bacarığının hansı səviyyədə olduğunu müəyyən etməkdir.
Yekun (summativ) qiymətləndirmə məzmun standartları əsasında aparılır. Bundan əlavə, yekun qiymətləndirmə mənimsəmə səviyyəsinin etibarlı göstəricisidir. Summativ qiymətləndirmə ilə əlaqədar müəllimin vəzifəsinə aşağıdakı məsələlər daxildir:
-yekun işlərin yoxlanılması;
-nəticəsinin təhlili;
-aparılan təhlil əsasında şagirdlərlə əks əlaqəsinin yaradılması
-lazım olduqda fəaliyyətinin yenidən nəzərdən keçirilməsi və təlim strategiyasına düzəlişlərin edilməsi.
Dostları ilə paylaş: |