Tərbiyənin rolu. Şəxsiyyətin inkişafında tərbiyə böyük təsir gücünə malikdir. Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məqsədyönlü və planlı təsirdir. İnsanın mühitə münasibəti tərbiyə ilə bağlıdır, onunla tənzim olunur. Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, onun mənfi təsirlərini neytrallaşdıra bilir. O, insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü formalaşdırmağa qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni dərəcədə məruz qalmır.