Turoperatorların vəzifələri. Turoperatorlar yeni turizm məhsulu yaradarkən müəyyən prosedura və vəzifələri də yerinə yetirmək məcburiyyətindədirlər. Bu vəzifələri aşağıdakı kimi sıralamaq mümkündür:
Turizm məhsulunun formalaşdırılması: Bir turoperatoru digər turoperatordan fərqləndirən ən vacib ünsür meydana çıxardığı turizm məhsuludur. Turizm məhsulunun formalaşdırılması mərhələsində ilk növbədə mövcud bazarın analizinin həyata keçirilməsi lazımdır. Bu mərhələdə məhsulun hansı regionda formalaşdırılacağı və müştəri profili haqqında araşdırmalar əhəmiyyət qazanmaqdadır.