§1. Turizm və onun mahiyyəti
Müasir dövrümüzün fenomeni halına gələn turizmə bir çox təriflər verilsə də ən sadə dillə desək turizm asudə vaxtın qiymətləndirilməsinin ən gözəl formasıdır.
Asudə vaxt nədir? İnsanların gündəlik həyatda yerinə yetirmək məcburiyyətində olduqları sosial, təbii və psixoloji tələbatlar mövcuddur. Bunlar arasında təbii tələbatlar kimi istirahət etmək, qidalanmaq, işləmək, ailədə və ətraf mühitdə sosial əlaqələr qurmaq və onları inkişaf etdirmək başlıca yeri tutur. Bu tələbatların bir çoxu əksər hallarda zəruri tələbatlar arasında mövqe tutur. Digər bir tərəfdən tələbatların strukturunda fərdin maddi gəlirlərinin artıb-azalması ilə əlaqədar müxtəlif dəyişikliklər yarana bilər. Asudə vaxt fərdin istirahət etmək, işləmək və sosial əlaqələrini qurmaq üçün sərf etdiyi müddətdən sonra geriyə qalan vaxtdır. Bunu bəzən “işdən kənar vaxt” da adlandırırlar. Ancaq asudə vaxt həmişə “işdən kənar vaxt” kimi özünü göstərmir. Bir az əvvəl də qeyd olunduğu kimi asudə vaxt sosial və təbii tələbatların ödənilməsindən sonra geridə qalan müddətdir. İşləmək, istirahət etmək, qidalanmaq və sosial əlaqələrin qurulması üçün sərf olunan vaxt ümumilikdə təbii və sosial tələbatların bir nəticəsidir. Çünki fərd gəlir əldə etmək üçün işləməli olduğu kimi, orqanizminin dincəlməsi və özünü bərpa etməsi üçün də istirahət etmək məcburiyyətindədir. Öz ailəsinə vaxt ayırmaq da ən az işləmək qədər fərdlərin yerinə yetirməli olduğu bir zərurətdir. Bu səbəbdən ailədaxili əlaqələr və ümumilikdə bununla əlaqəli olan sosial əlaqələr də müəyyən miqdarda vaxtın tələb olunduğu proseslərdir.
Fərdlər asudə vaxtlarını müxtəlif mühit və əlaqələrin daxilində yer alaraq sərf etməyi seçirlər. Əlbəttə ki, asudə vaxtın dəyərləndirilmə yeri və forması fərddən-fərdə, mədəniyyətdən-mədəniyyətə, dövrdən-dövrə görə dəyişir. Məsələn, bir Azərbaycan vətəndaşının öz asudə vaxtını qiymətləndirmə yeri və forması bir alman vətəndaşından çox fərqlidir. Həmçinin XX əsrdə yaşayan fərdlər ilə XXI əsrdə yaşayanların öz asudə vaxtlarını qiymətləndirmə yeri və forması fərqlidir.
Müasir dövrümüzdə fərdlər öz asudə vaxtlarını müxtəlif məkanlarda qiymətləndirirlər. Bunlar arasında aşağıdakılara daha çox rast gəlinir:
Alış-veriş mərkəzləri;
Kitabxanalar;
Kinoteatrlar;
İctimai-iaşə mərkəzləri;
Klublar;
İdman mərkəzləri;
Restoranlar.
Asudə vaxtı qiymətləndirmə məkanları mədəniyyətdən-mədəniyyətə görə dəyişir. Məsələn, azərbaycanlılar öz boş vaxtların əsasən çayxanalarda qiymətləndirərkən, ingilislər pivəxanaları, amerikalılar isə barları seçir. Həmçinin gənclər idman sahələrinə, orta yaşlı insanlar isə teatrlara üstünlük verirlər.
Dostları ilə paylaş: |