2.Müasir psixoprofilaktikaya verilən əsas tələblər.
Praktik psixoloqun vəzifəsi yalnız qarşılaşdığı çətinlik və ya problemlə bağlı ona müraciət edən şəxslərə yardım göstərməkdən ibarət deyil. O, həm də şagirdlər üzərində gündəlik müşahidələri əsasında qeydə aldığı faktlara əsaslanmaqla mənfi təzahürlərin qarşısını vaxtında almaq üçün əməli tədbirlər həyata keçirilməlidir. Şagirdlərin rəftar və davranışında müşahidə olunan potensial təhlükəli amillərin neytrallaşdırmağa yönəlmiş proqramların işlənib hazırlanması və konkret əməli tədbirlərin həyata keçirilməsi praktik psixoloqun fəaliyyət sistemində diqqət tələb edən sahələrdən biri olmalıdır. Vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər məktəb yaşlı uşaqların fiziki və psixi sağlamlığına ziyan vura biləcək amillərin qarşısını almaq, təhrif edilmiş və təqlidi davranış modelinin, ziyanlı həyat tərzi formalarını vaxtında aradan qaldırmağa imkan yaratmış olur. Praktik psixoloqun məktəbdə həyata keçirdiyi istənilən profilaktik tədbirlər şagirdlərin davranışına neqativ dəyişdirici təsir göstərə biləcək “risk amilləri”nə, onların genişlənərək kəskin xarakterli sosial psixoloji anomaliyalara gətirib çıxarılmasını əngəlləməyə yönəlməlidir.
Psixoloji profilaktika ilk növbədə məktəbdə və digər təlim-tərbiyə müəssisələrində təhsil alan uşaq, yeniyetmə və gənclərin psixi sağlamlığının qorunması və müdafiəsini nəzərdə tutur. Psixi sağlamlıq dedikdə, ilk növbədə ifadəli psixi pozulmanın olmaması, gözlənilməz stressləri aradan qaldırmağa imkan verən ehtiyat qüvvənin məcmuyu və ətraf mühitlə insan arasında tarazlığın olması nəzərdə tutulur. Psixi sağlamlığın əsas əlamətlərindən biri də fəaliyyət subyekti olan konkret şəxsdə asosial davranış təzahürlərinin olmamasıdır. Psixi sağlamlığa təhlükə törədən “risk amilləri”nin elmi cəhətdən düzgün təhlil edilib aradan qaldırılmaması get-gedə dərinləşərək mənəvi şikəstliyə gətirib çıxarmış olur.
Yaşından, tərbiyə şəraitindən, anadangəlmə psixi və bioloji qüsurlarından, ailə vəziyyətindən və fərdi xüsusiyyətlərindən asılı olaraq uşaq, yeniyetmə və gənclər neqativ təsirlərə qarşı həssaslıq səviyyələrinə görə fərqlənirlər. Bu cəhətdən məktəbdə yüksək “risk qrupu”na görə xüsusi seçilənlər azyaşlı uşaqlar, yeniyetmələr, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Qeyd etmək lazımdır ki, psixoprofilaktiki işlərin məqsəddən “risk amili”ndən asılı olaraq müxtəlif modelləri mövcuddur. Modeldən asılı olaraq profilaktikanın psixoloji metodları da geniş və çoxsahəlidir. Bu metodlar özündə bu və ya digər bir qüsura gətirib çıxara biləcək kənaraçıxma hallarının qarşısını almağa xidmət edən psixoloji priyomların və bərpaedici təsir vasitələrinin məcmuyunu əks etdirir.
Dostları ilə paylaş: |