Кяримбяйли ширин ханым


GÖZLƏRDƏ AĞLAYAN QAN -YAŞA BAX



Yüklə 8,79 Mb.
səhifə11/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   7   8   9   10   11   12   13   14   ...   92

GÖZLƏRDƏ AĞLAYAN QAN -YAŞA BAX

Gözlərdə ağlayan qan-yaşa bax,


Bəbəklə can olan sirdaşa bax,

Ürəyi partlayan bu başa bax,

Hər tərəf dolu qəlbi daşa bax,

Qazanını daşıran aşa bax,

Köz üstündə çatılan qaşa bax,

Qardaşa kəc baxan qardaşa bax,

Ömür vəfa eyləsə yaşa bax,

Hər dərdə üzülən millətimiz,

Tapdanan, əzilən millətimiz.
Öz halal torpağında günü yox,

Batırıblar sədasın, ünü yox,

Aclıqdan evdə toy-düyünü yox

Bir yaxşı üst-başı əyini yox,

Talayıblar zehni eynini yox,

Haqqına səcdə edən beyni yox,

Ələkdən süzülən millətimiz,

Tapdanan, əzilən millətimiz.


Hər əsrdə sərvətin qal oldu,

Əcnəbinin dilinə bal oldu,

Yağlı ağalara nə yal oldu?

Dərdin ciyərinə bir xal oldu,

Evin düşmənlərə nə zal oldu?

Ya özün, ya fələyin kal oldu?

Ürəyin qəmə halbahal oldu,

Vücudun xainlərə nal oldu,

Dözümü nazilən, millətimiz,

Tapdanan, əzilən millətimiz.
Yenə cibində yellər oynayır,

Tərifin qulu dillər oynayır,

Ömrü puç edən illər oynayır,

Gözlə-bəbəkdə sellər oynayır,

Şərə əl açan əllər oynayır,

Gözə tuşlanan millər oynayır,

Ocaqda soyuq küllər oynayır,

Könlü titrədən tellər oynayır,

Kəndiri üzülən, millətimiz,

Tapdanan, əzilən, millətimiz.

Harayın oyatmayır Xudanı,

Dünya nə vaxt duyacaq sədanı?

Göstərə bilmədin heç ədanı,

Görürəm sənə dəyən qadanı,

Açmısan hər kəsə can odanı,

Unut mindillilərə sevdanı,

Talayıb dağıtdılar adanı,

Gülləyə düzülən, millətimiz,

Tapdanan, əzilən, millətimiz.
Sənə heç can deyəni görmədim,

Dərdlərini döyəni görmədim,

Haqqlarını öyəni görmədim,

Haqsızını söyəni görmədim,

Düşmənini əyəni görmədim,

Şər işinə dəyəni görmədim,

Əldə iblis yüyəni görmədim,

Bucağa büzülən, millətimiz,

Tapdanan, əzilən, millətimiz.
Hey sənin haqqını alçatdılar,

Belinə dərd yükünü çatdılar,

Başını hiylə ilə qatdılar,

Daşını, torpağını satdılar,

Özünə hələ böhtan atdılar,

Oduvun istisində yatdılar,

Yağılar diləyinə çatdılar,

Haraylar qulaqlarda batdılar,

Ağrısı çözülən, millətimiz,

Tapdanan, əzilən, millətimiz.


Həkimsiz, dəvasız ölənin çox,

Alçalmış qeyrətə gülənin çox,

Varını, yoxunu bölənin çox,

Bu acı qəmləri bilənin çox,

Süfrənin başına gələnin çox,

Gözünün yaşını silənin yox,

Cəfası sezilən, millətimiz,

Tapdanan, əzilən, millətimiz.


Şadimanı yandırır əhvalın,

Ağladır ürəyimi bu halın,

Nə zaman yetişəcək vüsalın?

Səni tərk eliyə qeylü-qalın,

Dünyaya faş oldu bu zavalın,

Qopmadı işğal altdan mahalın,

Nəş’ənə oynamadı qavalın,

Fırlanır yağı əlində valın,

Varlığı bezilən, millətimiz,

Tapdanan, əzilən, millətimiz.

02. 02. 2003
SAPMA HAQQ YOLU
Siz, ey yaxşılığı bayraq edənlər,

Şəri ürəyindən iraq edənlər,

Ali diləklərə soraq edənlər,

Pak əməl ulu,

Sapma haqq yolu.
Siz, ey duyğularda duyğu yaşadan,

Könüldə Vətənə qayğı yaşadan,

İnsana, bəşərə sayğı yaşadan,

Gecədən sabaha uyğu yaşadan,

Adəm Rəbb qulu,

Sapma haqq yolu.


Siz, ey bu dünyanı beşiyi sanan,

Düzə külüng vuran, düzə dayanan,

Şərə üsyan deyib üzə dayanan,

Sübhün yuxusundan xeyrə oyanan,

Dikəlt əl-qolu,

Sapma haqq yolu.


Siz, ey yaradanı unudan qafil,

Varıyla, puluyla öyünən tifil,

Çox mənəm deyənlər olubdu səfil,

Qüvvədə özünü zənn etsən də fil,

Ol dəli-dolu,

Sapma haqq yolu.


Siz, ey iblisliyi uca sayanlar,

Göyü öz damına baca sayanlar,

Dolmuş mədələri aca sayanlar,

Bu fəna dünyanı taca sayanlar,

Tanı sağ-solu,

Sapma haqq yolu.


Siz, ey hər addımda səhvə gedənlər,

Şeytanın evinə tövhə gedənlər,

Onun marağına əfvə gedənlər,

Hər iki dünyada məhvə gedənlər,

Qırma can kolu,

Sapma haqq yolu.


Siz, ey Şadimanda hay duymayanlar,

Hıçqıran könlündə vay duymayanlar,

Misrasın qələmə tay duymayanlar,

Bəndənin çoxunu say duymayanlar,

Qəlb yağmur-dolu,

Sapma haqq yolu.

15 . 03. 2004
BAYIL ZİNDANI…
Dəmir barmaqlıqlar içində qalıb,

Millətin dərdini anan oğullar,

Dərdi öz boyundan bir boy ucalıb,

Köz kimi alışıb yanan oğullar-


Nə axır qanı?

Bu oğul canı,

Arif ol tanı,

Bayıl zindanı…

İqtidar-müxalif bu Vətən bizim,

Könlüm qan ağlayır, bükülür dizim,

Başımdan boy verir hicran dənizim,

Amandı, tufanda itməsin izim…


Ara peymanı,

Atma imanı,

Eyləmə manı,

Bayıl zindanı…


Biz ki, tuş olmuşuq çox qəfəslərə,

Hava ver, işıq ver, gəl nəfəslərə,

Uyma guman edən xoş həvəslərə,

Qulaq as içlərdə batan səslərə.


Etmə qadanı,

Danma sevdanı,

Saxla ədanı,

Eşit nidanı!…

Bayıl zindanı…
Ömrümüz ötməsin divanələrtək,

Yan haqqın eşqinə pərvanələrtək,

Bayquşu bəsləmə boş xanələrtək,

Duyğuda can ara peymanələrtək.


Didmə insanı,

Ömrü bir sanı,

Ölmüyən hanı?…

Bayıl zindanı…


Hər zülmətin sonu al sabah olur,

Zülüm dağ olanda qəlbdə ah olur,

Vicdanlar susanda çox gunah olur,

Böyük cəza verən tək Allah olur!
Kəsmə amanı,

Vermə zamanı,

Ara yamanı,

Bayıl zindanı…


Qəfəsdə qalanlar işığa möhtac,

Vermə fitnələrə, fəsadlara bac,

Heç kəsin başında çox qalmayır tac,

Doymaz yamanlıqdan ağılları ac.


Gətir loğmanı,

Eylə dərmanı,

Rəbbin fərmanı,

Bayıl zindanı…


Biz ki, bu dünyaya gəlmişik qonaq,

Allahın verdiyi vaxt bizə sınaq,

Vətən bir od olub – bir yerdə yanaq,

Azğın yağılara olmayaq qınaq.


Dağıt viranı,

Ağlın divanı,

Udar dövranı,

Bayıl zindanı…


Hər kəsin könlündə bir kəhkəşan var,

Müti olmayanda haqqa nişan var,

Bu gidi dünyadan çox pərişan var,

Bə’zən Allahla da, bil, yarışan var.


Ara hər yanı,

Tap Şadimanı,

Ələmdi şanı,

Bayıl zindanı…

20. 04. 2004
EY QEYRƏTLİ VƏTƏN OĞLU
Qalx ayağa, Vətən oğlu,

Qeyrətinə qurban olum.

Qurda gərək kişi ağlı,

Cürətinə qurban oğlum.


Dərdlərimiz ucalanıb,

Namusumuz haçalanıb,

Yurdlarımız parçalanıb,

Qamətinə qurban olum.

Vicdanınla divan eylə,

Haqqı ora ünvan eylə,

Yağılara divan eylə,

Sürətinə qurban olum.


Vətən oğlu, fəryadımız,

Ləkəlidi pak adımız,

Mərd sayılmaz övladımız,

Hörmətinə qurban olum.


Küt qılıncı şan-şan edək,

Düşmənlərə nişan edək,

Haqqımızı gəl şan edək,

Şöhrətinə qurban olum.


Məğlubu heç dünya saymaz,

Şər tökdüyü qandan doymaz,

Ər bu qanı yerdə qoymaz,

Qüdrətinə qurban olum.


Vətən oğlu, bu dərd acı,

Düşüb başdan şərəf tacı,

Sən etməsən bir əlacı,

Ağlar qalar ana, bacı,

Xislətinə qurban olum.
Yurdlar əsir, sinə yara,

Düşmən hara, iman hara?

Ər olan bac verməz xara,

Yetməsən, kim yetər kara?

Vüsətinə qurban olum.

Şadimanı qınaq etmə,

Mənliyini sınaq etmə,

Bu sitəmə qonaq etmə,

Yağı pisdi, tova getmə,

Millətinə qurban olum.

22. 02. 2004


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin