VƏTƏNİ XİLAS EYLƏYƏK
Hünərimiz düşsün dilə,
Zəfər çalsın eldən-elə,
Qorxunu, gəl, verək yelə,
Yağılara yas eyləyək,
Vətəni xilas eyləyək!…
Torpaqsız dövlət olmayır,
El, tayfa, millət olmayır,
Düşmənə zillət olmayır,
Xainə qisas eyləyək,
Vətəni xilas eyləyək!…
Bəsdir, tökdük başa daşı,
Axıtdıq gözdən qan-yaşı,
Yurdu bilək can sirdaşı,
Biz bunu əsas eyləyək,
Vətəni xilas eyləyək!…
Hücüm edək diləymizə,
Tufan salaq küləymizə,
Pasa düşmüş ürəymizə,
Yurd eşqin həssas eyləyək,
Vətəni xilas eyləyək!…
25. X11. 2004
DİLİMİZ VARSA, YAŞAR VARLIĞIMIZ
Dilimiz varsa, yaşar varlığımız,
O bizim bu həyata yarlığımız.
Hər yerin öz dili, öz sözü keçir,
Dili atsaq olacaq darlığımız.
Yad olan dillərə heç uymayağın,
Uyarıqsa olacaq xarlığımız.
Çox dili bilməyimiz şanlı uğur,
Olmasın dilimizə sarlığımız.
Anamızın dilidi yurda qida,
Bu dili qorumaq vüqarlığımız.
Bu Vətən bizlərə məkandı, əgər,
Anamızın dili – baharlığımız.
Bağçası xəzan olan bağa dönər,
Onu biz bəsləməsək - karlığımız!
Ey Vətən övladı, sev öz dilini,
Tükənib bitməyə qoy barlığımız.
17.02. 2005
BU YAZIQ XALQA QALAN BOŞ,
QURUCA ZƏHMƏT OLUR
Talanır sərvətimiz xarici işbazlar üçün,
Nədir millət amalı ağlı dayaz qazlar üçün?
Banglərə dollar yığılır hər diləyi sazlar üçün,
Vətənin eşqi niyə sözləri avazlar üçün?
Nə ki var, var-yoxumuz yadlara bir ne’mət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Sorulur neftimizin ən dərin qatları belə,
Aranır, axtarılır qatların çatları belə,
Təki başdakıların olsun büsatları belə,
Çağlasın min neçə cür haram həyatları belə,
Başımızda nə ki var, əcnəbiyə alət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Torpağın tən yarısı işğala möhtac edilib,
Millətin çoxu hələ qarnı tamam ac edilib,
Bu kimi işlərimiz taleyə amac edilib,
Varsa imkan qapısı, xariciyə bac edilib?
Bizlərin bəxtlərinə düşən hələ zillət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Sözə gələndə elə min cürə cəh-cəh vurulur,
Daşınan varımıza gör necə qəh-qəh vurulur.
Damağı çağlar üçün badələr pəh-pəh vurulur,
Əlləri əllərinə nəş’ədən bəh-bəh vurulur,
Əzilən kütlələrə bəxş edilən illət olur,
Bu yazıq xalqa qalan, boş quruca zəhmət olur.
Bayrağa, həm himnə nə zatlar fərman eləyir?
Yazıq istiqlal hələ yadlara dərman eləyir,
Gopu min dağlar aşan dillərə aman eləyir,
Nə qədər imkanı var, hər işi yaman eləyir?
Ayağ altda əzilən yenə də bu millət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Amerka xammalının dəyməyib heç bir qatına,
Sərvəti başdan aşır, nur tökülür həyatına,
Düşmüşük biz də elə taleyin bata-batına,
Baxırıq Avropanın gözqamaşan busatına…
Səsimiz çıxsa əgər, lap böyük bir qələt olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Əlimiz başımıza kül eyləyir vay-vay ilən,
Gözümüzdən yaş axır dəli-dolu min çay ilən,
Bizə hər nə verilir ölçü-biçi və say ilən,
Nəyimiz var daşınır bankələrə lap tay ilən?
Ahı ərşi dağıdan bir neçə cür halət olur?
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Bizim kor bəxtimizə gülmədi heç Xuda niyə?
Diləyimiz çin olur gecələr yuxuda niyə?
Əcnəbinin burunu qalıbdı qoxuda niyə?
Ötüşür günlərimiz bəs qara-qorxuda niyə?
Bizə çor, xariciyə bir o qədər hörmət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Nə ki, Bakı nefti, bölgələr də dəbə düşüb?
Talananlar talanır, ürəklər də həbə düşüb,
Əlində hökmü olanlar nə yaman təbə düşüb?
Binəva millətimiz xariciyə təbə düşüb…
Ölkəyə, ay həzarat, bəs bu necə qiymət olur?
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Şadiman bir parasın söylədi bu ahımızın,
Doğulanlara görə nəyi var sabahımızın?
Özümüzdə görürəm çoxunu günahımızın,
Yetməyir bizlərə heç haqq nuru Allahımızın!…
Gələcəyi görməyən bəxti qara millət olur,
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.
19. 02. 2005
GÖZLƏRİM QANA BAXIR…
“Azad sözün şəhidi,“manitor”
Jurnalının baş redaktoru
Elmar Hüseynova !”
Gözlərim qana baxır,
Bu yurda nə qan axır?
Qanı aləmi yaxır,
Azad sözə şəhid var,
Elmar, Elmar, ay Elmar…
Qarışqa fil öldürür,
Zalımlar dil öldürür,
Ocağı kül öldürür,
Atəşi aləmə car,
Elmar, Elmar, ay Elmar…
Ağlı sözünə yağı,
İblislərə göz dağı,
Kəsilər şər ayağı,
Deyildir ki, dünya kar?
Elmar, Elmar, ay Elmar…
Hara baxır bu Allah?
Zülmətlərdən qopdu ah,
Boyadı için günah,
Dünya da eylədi ar,
Elmar, Elmar, ay Elmar…
Düz söz Qurana ayə,
Bənzəri var ox-yayə,
Mərdliyi gəlməz sayə,
Yetişər aha-vayə,
İblis başlar şərə yar,
Elmar, Elmar, ay Elmar…
Cəllad sinəndən vurdu,
Evində qanın durdu,
Bu necə vurhavurdu?
Güllə ürək qovurdu,
Başımıza aləm dar,
Elmar, Elmar, ay Elmar…
Sözündən haqq axırdı,
Sözü şəri yıxırdı,
Mərd vurulub, axırdı,
Çoxuna yurd axurdu,
Kimə qalır sərvət, var?
Elmar, Elmar, ay Elmar…
Qələm qopardı fəryad,
Etdi zülümlərə dad,
Qalan-yalnız Təmiz ad!
Gec-tez olar zalım xar,
Elmar, Elmar, ay Elmar…
Vətən matəm içində,
Gözləri nəm içində,
Edir sitəm içində,
Kağız-qələmim ah-zar,
Elmar, Elmar, ay Elmar…
6 -7. 03. 2005
Dostları ilə paylaş: |